×
A
A
A
Sazlamalar

“Təbiət bizim evimizdir” müsabiqəsinə yekun vurulub

Bakı, 3 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında “Təbiət bizim evimizdir” adlı rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak edən şagirdlərə Agentlik tərəfindən müvafiq rəsm avadanlıqları təqdim olunub və onlar Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın füsunkar təbiətinə həsr olunmuş rəsmlər çəkiblər.
Tədbirdə Agentliyin nümayəndələri ilə yanaşı, müstəqil ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Cəmilə Tağıyeva və məktəbin direktoru İsmayıl Əliyev çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təbiətə, ətraf mühitin qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Onlar müsabiqənin keçirilməsində də başlıca məqsədin uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da artırılması, ətraf mühitin qorunmasına diqqət çəkilməsi, həmçinin gənc istedadların, bu sahədə yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasından ibarət olduğunu vurğulayıblar.
Tədbirdə iştirak edən şagirdlər fərdi bacarıqlarını nümayiş etdirərək, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər, rəqs nömrələri ifa ediblər.
Müsabiqəyə təqdim edilmiş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib, iştirakçılara təltifnamələr təqdim olunub.
Tədbirin sonunda əl işlərinin satış-yarmarkası təşkil olunub. Rəsm əsərlərinin satışından əldə olunan gəlir uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə internatın hesabına köçürülüb.

Ekologiya 2023-05-03 21:36:00