×
A
A
A
Sazlamalar

ÜMT-nin Baş katibi: iqlimdə mənfi tendensiya qarşıdakı onilliklərdə də davam edəcək

Bakı, 3 may, AZƏRTAC
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi Petteri Taalas xəbərdarlıq edib ki, iqlimin təsirinin azaldılması üzrə uğurlu səylərə baxmayaraq, bu sahədə mənfi tendensiya qarşıdakı onilliklərdə də davam edəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Baş katib deyib: "Biz hələ də bu vəziyyətə təsir edə bilərik, lakin iqlimdə mənfi tendensiya hər halda 2060-cı illərə qədər davam edəcək. Əgər biz iqlimin yumşalmasına müvəffəq olsaq, bu mənfi tendensiyanı mərhələli şəkildə aradan qaldıra bilərik, lakin buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması gələcək minlərlə il davam edəcək”.
ÜMT-nin rəhbəri əlavə edib ki, mənfi tendensiya qlobal miqyasda bir çox sahədə, xüsusən də sahilyanı ərazilər və Aralıq dənizi bölgəsi üçün uzunmüddətli təhlükə olacaq. O qeyd edib: “Yaxşı xəbər odur ki, dünyada iqlim dəyişikliyi ilə müvəffəqiyyətli mübarizə aparmaq üçün indi texnoloji vasitələr var. Həmçinin ölkələr iqlim dəyişikliyinə qarşı fəaliyyətə başladıqlarını bəyan edib, lakin iqtisadi keçid dövrünü yaşayan xalqların səylərinə də ehtiyac var. Günəş və külək enerjisinin qiymətlərinin düşməsi və elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artması iqlim dəyişikliyi ilə mübarizədə yeni imkanlar yaradır, lakin Paris sazişində nəzərdə tutulan istiləşməni 1,5 dərəcə Selsindən aşağıda saxlamaq məqsədinə çatmaq mümkün olmayacaq. Hələ ki, biz Paris sazişinin bu hədəfinə doğru addımlar atmırıq və bu, bir problemdir. Bu istiqamətdə birgə səylər artırılmalıdır. Göstərilən hədəfə nail olmaq insanların rifahı, habelə biosfer və elm ictimaiyyətinin ifadə etdiyi kimi, qlobal iqtisadiyyat üçün faydalı olacaq”.
ÜMT-nin Baş katibi Türkiyənin Aralıq dənizi bölgəsi üçün də proqnozlarını bölüşüb. O qeyd edib: ”Dünyada istiləşmə və iqlim dəyişikliyinin planetin başqa yerlərindən daha təsirli olduğu iki qaynar nöqtə var. Ən çox təsirlənən yer Arktikadır və müşahidə etdiyimiz ikinci ən böyük istiləşmə Aralıq dənizi bölgəsində müşahidə olunur. Bu mənfi tendensiyanın qarşıdakı onilliklər ərzində davam edəcəyi gözlənilir. Demək istəyirəm ki, Aralıq dənizi bölgəsində həm isti hava şəraiti, həm də daha çox quraqlıq olacaq və sahilyanı ərazilərdə dəniz səviyyəsinin qalxması da buna öz təsirini göstərəcək. Bu, əlbəttə ki, kənd təsərrüfatı üçün pis xəbərdir. Eyni zamanda, Aralıq dənizi regionunda turizm və insanların rifahı üçün də mənfi nəticələr doğuracaq”.
İqlim dəyişikliyinin təsirini daha güclü hiss edəcək ölkələr sırasında olacağı gözlənilən Türkiyədəki vəziyyətə gəlincə, baş katib burada gələcəkdə, xüsusən də yay mövsümündə daha yüksək temperaturların müşahidə ediləcəyini deyib. O əlavə edib: “Yağışların miqdarı azalacaq və buxarlanma artacaq. Tədricən biz dəniz səviyyəsinin qalxmasının təsirlərini də görəcəyik və uzunmüddətli perspektivdə dəniz səviyyəsinin hətta bir neçə metr qalxması riski var”.
Baş katib vurğulayıb ki, qarşıdakı onilliklərdə isti dalğaların və quraqlığın güclənməsi daha tez-tez baş verəcək. Həmçinin keçən il bir neçə ekstremal hava hadisəsi baş verib; Pakistandakı şiddətli daşqınlar və Avropa, Çin, ABŞ və Meksikada ifrat dərəcədə quraqlıq ilə müşayiət olunan istilik dalğaları buna misaldır. “Məsələn, Çində Yanszı çayında suyun səviyyəsi xeyli azalıb. Böyük Britaniyada bütün zamanların temperatur rekordu -40 dərəcə Selsi, İsveçdə isə daha bir rekord - 37,2 dərəcə qeydə alınıb. Beləliklə, biz hələ real atmosferdə yaxşılaşma görmədik və bütün bu iqlim göstəriciləri mənfi istiqamətdə dəyişir”, -deyə Baş katib sonda bildirib.
ÜMT-nin son hesabatına görə, Şərqi Afrikada yağıntılar ardıcıl beş rütubətli mövsüm üçün orta səviyyədən aşağı olub ki, bu da son 40 ilin ən uzun ardıcıllığıdır. Burada 20 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib. Ötən ilin iyul və avqust aylarında rekord qıran yağışlar Pakistanda geniş daşqınlara, 1700 nəfərin ölümünə və 8 milyona yaxın insanın didərgin düşməsinə səbəb olub, ümumi ziyan 30 milyard dollara çatıb. Bu arada, Avropada - İspaniya, Almaniya, Böyük Britaniya, Fransa və Portuqaliyada istilərlə bağlı ölümlər ümumilikdə 15 mini keçib.

 

Ekologiya 2023-05-03 21:10:00