×
A
A
A
Sazlamalar

AQTİ laboratoriyası ABŞ-da keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Bakı, 3 may, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının “Texas A&M AgriLife Research” şirkəti və USDA-Kənd Təsərrüfatı Departamenti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya müvafiq olaraq, “Aflatoksin B1” və “Ümumu aflatoksin” (B1, B2, G1, G2) parametri, eyni zamanda, Genetik Modifikasiya Olunmuş Orqanizmlərin (GMO)-promotor 35 S, terminator NOS və promoror FMV markerlərinin təyini parametri üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, Milli Referens Laboratoriyası 100-dən artıq göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək böyük müvəffəqiyyət qazanıb. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun milli və Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu (DakkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib. Həmçinin 2021-ci ildə qida, yem, toxum məhsullarında ticari kit metodu ilə GMO-nun təyini sınağı üzrə beynəlxalq akkreditasiyadan keçib.

Sosial 2023-05-03 18:22:00