×
A
A
A
Sazlamalar

ÜST: Bir çox ölkədə səhiyyə sistemləri pandemiyadan sonra bərpa olunmağa başlayıb

Bakı, 3 may, AZƏRTAC

Dünyanın əksər ölkələrində səhiyyə sistemləri COVID-19 pandemiyasından sonra ilk bərpa olunma əlamətləri nümayiş etdirməyə başlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir.
“Sevindirici haldır ki, əksər ölkələrdə səhiyyə sistemləri pandemiya dövründə əsas tibb xidmətlərindən məhrum olan milyonlarla insana bu xidmətləri göstərməyə başlayır”, – deyə ÜST nümayəndəsi Rudi Eqqers bildirib. “Lakin biz, bütün ölkələrin itirilənlərin yerini doldurmağa və səhiyyə xidmətlərini bərpa etməyə, eləcə də çıxarılan nəticələr əsasında gələcək üçün daha möhkəm səhiyyə sistemləri qurmağa davam etmələrinə nail olmalıyıq”, – deyə o əlavə edib.
Hesabatda deyilir ki, 2023-cü ilin əvvəlinə qədər ölkələr əsas tibbi xidmətlərin göstərilməsində fasilələrin azaldılması barədə məlumat verib.
Səhiyyə sahəsində tendensiyaları izləmək imkanı olan dünyanın 84 ölkəsində xidmətlərin göstərilməsində fasilələrin sayı 2020-ci ilin iyul-sentyabr dövründəki 56 faizdən 2022-ci il noyabr–2023-cü il yanvar ayı dövründə 23 faizə qədər azalıb.
ÜST, həmçinin vurğulayıb ki, ölkələrin əksəriyyəti COVID-19 ilə mübarizə üzrə xidmətlərin əsas tibb xidmətləri sisteminə inteqrasiyasında irəliləyişə nail olub. Ölkələrin təxminən 80-90 faizində COVID-19-a yoluxan xəstələrin vaksinasiya, diaqnostika və müşayiəti, həmçinin “uzun sürən” adlandırılan COVID-19 hallarının müalicəsi üzrə xidmətlər tam inteqrasiya olunub.

Səhiyyə 2023-05-03 17:47:00