×
A
A
A
Sazlamalar

Azərbaycan Qran-Prisi: Maraqlı statistika

Bakı, 3 may, AZƏRTAC

AZƏRTAC Formula 1 çempionatının Azərbaycan Qran-Prisinin yekunlarına görə bəzi maraqlı statistik məlumatları təqdim edir.
Bakıda təsnifat yürüşünün qalibi olan Şarl Lekler mövsümdə ilk, karyerasında 19-cu poulunu qazanaraq, bu göstərici üzrə reytinqdə 17-ci sıraya qalxıb. Bu, Valtteri Bottas və Deymon Hildən bir poul azdır.
Şarl Lekler karyerası ərzində ilk dəfə olaraq bir trasda üç poul qazanıb.
Maks Ferstappen təsnifatda ikinci olub, karyerası boyunca 45-ci dəfə birinci sıradan start götürmək hüququ qazanıb. Niderlandlı üçün bu, Azərbaycanda birinci sıradan birinci start idi.
Sexio Peresin üçüncü yeri “Red Bull”a Bəhreyndə mövsümün birinci yürüşündən bəri ilk dəfə ilk üçlükdə iki maşınla olmaq fürsəti verdi.
Karlos Sayns mövsümdə təsnifatda üçüncü dəfə dördüncü olub. İki il ardıcıl olaraq Bakıda start meydanında “Ferrari”, “Red Bull” (2), “Ferrari” maşınları ilk dördlükdədir.
Lyuis Hemilton təsnifatda beşinci olaraq, mövsümdə ilk dəfə ortağı Corc Rasseli geridə qoyub.
Fernando Alonsonun tutduğu altıncı yer bu mövsümdə onun təsnifatda göstərdiyi ən pis nəticədir.
Lando Norris bu mövsümdə ilk dəfə təsnifat finalında yeddinci olub.
Yuki Sunoda və “AlphaTauri” mövsümdə ilk dəfə təsnifatın finalına çıxıblar, yaponiyalı səkkizinci nəticə göstərib.
Lens Strollun doqquzuncu yeri 2017-ci ildən bəri Bakıda onun ən yaxşı start mövqeyidir. Həmin vaxt pilot 8-ci yerdən start götürmüşdü, yekunda podiuma qalxmışdı.
Oskar Piastri təsnifatda onuncu yerdə qərarlaşıb, mövsümdə ilk dəfə olaraq “McLaren” komandasının hər iki maşını təsnifat finalında mübarizə aparıb.
2021-ci il Rusiya Qran-Prisindən bəri ilk dəfə olaraq “Williams” komandasının hər iki bolidi təsnifatın ikinci hissəsinə keçiblər.
İlk dəfə olaraq ötənilki ABŞ Qran-Prisindən sonra “Haas” komandasının hər iki maşını artıq birinci sessiyada mübarizəni dayandırıblar.

YÜRÜŞ

Serxio Pres Azərbaycan Qran-Prisini udmaqla mövsümdə ikinci, karyerasında isə altıncı qələbəsinə nail olub. Bununla da bu göstərici üzrə Toni Bruks, Con Sörtiz, Jil Vilnöv, Yoxen Rindt, Jak Laffit, Rikardo Patreze və Ralf Şumaxerlə eyni sıranı bölüşdürüb.
Peres Bakıda bir dəfədən çox qələbə qazanan ilk pilot olub.
Peres karyerası ərzində 300 dövrə liderlik hüdudunu keçib, bu göstərici üzrə ümumi reytinqdə 51-ci sıraya qalxıb. Bu siyahıda Hemilton 5447 dövrə ilə liderdir.
Peres bütün qələbələrini şəhər və ya müvəqqəti traslarda qazanıb: Bakıda iki dəfə, Monakoda, Sinqapurda, Ciddədə və Sahir trasının qısaldılmış versiyasında.
Maks Ferstappen ikinci finiş edərək, podiumların sayına görə (81) Ayrton Sennanı geridə qoyub.
“Red Bull” tarixdə 25-ci qələbə dublunu qazanıb. Bu, mövsümün ötən dörd mərhələsində artıq üçüncüdür.
Şarl Leklerin üçüncü yeri “Ferrari” komandasına bu mövsümdə birinci podiumunu gətirib. Moneqasklı ilk üç yürüşdə 6 xala qarşı bu uik-enddə 22 xal qazanıb.
Lekler ardıcıl səkkizinci dəfə poulu qələbəyə çevirə bilməyib. Bu, tarixdə Nelson Pikenin qələbəsiz on poulundan sonra ikinci seriyadır.
Lekler bu mövsüm Ferstappen, Peres, Alonso və Hemiltondan sonra podiuma qalxan beşinci pilot olub.
Fernando Alonsonun dördüncü yeri onun uğurlu seriyasını davam etdirib: mövsümün bütün yürüşlərini o, ən yaxşı dördlükdə başa vurub.
Karlos Saynsın beşinci yeri son üç Qran-Pridən sonra onun ən yaxşı nəticəsidir.
Lyuis Hemiltonun altıncı yeri bu il onun ən pis nəticəsidir. Ən yaxşı “Mercedes” maşını Bəhreyndə olduğu kimi, qalibdən azı 45 saniyə sonra finişə çatıb.
Lens Strollun yeddinci yeri bu mövsümdə onun ən pis nəticəsidir.
Corc Rassel finişə səkkizinci yerdə çatıb, karyerası ərzində altıncı dəfə özündən sonra yürüşün ən yaxşı dövrəsini geridə buraxıb.
Lando Norrisin doqquzuncu yeri “McLaren” komandasına ikinci yürüşdə ardıcıl xal qazanmaq imkanı verib.

İdman 2023-05-03 16:34:00