×
A
A
A
Sazlamalar

“AlphaTauri”nin rəhbəri Bakıdakı qəzaya görə Nik de Vrisi tənqid edib

Bakı, 3 may, AZƏRTAC

Formula 1 çempionatının “AlphaTauri” komandasının rəhbəri Frans Tost Azərbaycan Qran-Prisində Nik de Vrisin çıxışından narazıdır.
AZƏRTAC xəbər verir ki, “Red Bull”un kiçik komandasında yeni pilot olan Nik de Vris uik-end ərzində iki dəfə maşını zədələyib. Həm də ikinci qəza əsas yürüşdə baş verib: niderlandlı bolidi idarəetmədə səhv ucbatından oyundan kənarlaşan yeganə pilot olub.
“Əlbəttə, oyundan kənarlaşmaq həmişə pisdir. Beşinci döngədə divara zərbə nəticəsində Nik sükanın dartı qüvvəsini qırdı. O, hərəkəti davam etdirməyə çalışdı, lakin yekunda növbəti döngədə dayandı. De Vris belə səhvlərdən çəkinməlidir, lakin olan oldu. O, Formula 1 maşınını ilk dəfə Bakıda idarə edirdi. Üstəlik, uik-endin sprintlə yeni formatı təzə pilot üçün o qədər də asan deyil. Buna uyğunlaşmağa vur-tut bir məşq var, onun ardınca isə dərhal təsnifat yürüşü gəlir. Əlbəttə, bunlar hamısı bəhanədir. Ümid edirəm ki, Nik baş verənlərdən ibrət götürəcək və Mayami mərhələsində yaxşı çıxış edəcək”, - deyə “RacingNews365” nəşri Tostun sözlərindən sitat gətirir.
Qeyd edək ki, Bakı Şəhər Halqasında keçirilən Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının pilotu Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü yeri tutub.

İdman 2023-05-03 15:58:00