×
A
A
A
Sazlamalar

İƏT-in nümayəndə heyəti “ASAN xidmət”də

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslam Əmək Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş çərçivəsində nümayəndə heyətinə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.
Görüşdə dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar sahəsində təlim layihələri ilə bağlı gələcək əməkdaşlıq perspektivləri ilə əlaqədar müzakirələr aparılıb. Dövlət Agentliyinin sədri ASAN İnnovativ İnkişaf Mərkəzində dövlət və özəl təşkilatların nümayəndələrinə keçirilən təlimlər barədə qarşı tərəfi məlumatlandırıb.
Zəhra Zümrüd Selçuk Dövlət Agentliyinin müxtəlif sahələr üzrə genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirərək “ASAN xidmət” təcrübəsinin üzv ölkələrlə paylaşılmasına dəstək verməyə hazır olduqlarını qeyd edib və bu istiqamətdə Anlaşma Memorandumunun imzalanması təklifi ilə çıxış edib.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, “Bilim Bakı” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olub.

Sosial 2023-05-03 13:53:00