×
A
A
A
Sazlamalar

Mayın 3-ü Beynəlxalq Günəş Günüdür

Bakı, 3 may, AZƏRTAC
Bu gün dünyanın bir sıra ölkələrində Günəş Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 1994-cü ildən bəri qeyd olunan bu gün Dünya Günəş Günü və ya Beynəlxalq Günəş Günü kimi də adlandırılır.
Yerə ən yaxın ulduz olan Günəş planetimiz üçün nəhəng kosmik enerji mənbəyidir. O, bitki və heyvanat aləmi üçün işıq və istilik verir, Yerin atmosferi üçün vacib keyfiyyətləri formalaşdırır. Ümumən Günəş planetin ekologiyasını müəyyən edir. Onsuz həyat üçün çox mühüm əhəmiyyət daşıyan hava olmazdı, hava donmuş suların və buzlu torpaqların ətrafında maye azot okeanına çevrilərdi. Yer sakinləri üçün Günəşin ən mühüm xüsusiyyəti planetimizin onun ətrafında dövr etməsidir.
Günəş, külək, dəniz dalğaları və biokütlə daim ətrafımızda olan və istifadəsi asan olan enerji xammalıdır. Günəş enerjisi radioaktiv tullantıların yaranmasına səbəb olmur və ümumiyyətlə zəhərli tullantılar əmələ gətirmir. Bu, bərpa olunan enerjidir.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 min meqavat, o cümlədən, külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Ölkəmiz strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq.
Azərbaycan azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb. Sevindirici haldır ki, BP şirkəti Cəbrayılda günəş enerji stansiyasına yatırım etməyə qərar verib. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz həmin məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9 min 200 meqavat təşkil edir.
Mayın 5-də isə qardaş ölkə Türkiyənin Konya vilayətində Avropanın ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq. 1350 MVt gücündə “Karapınar” GES 20 milyon kvadratmetr ərazini əhatə edir və 3 milyon 256 min 38 günəş panelindən ibarətdir. Günəş elektrik stansiyasının tikintisi işlərinə 2020-ci ilin yanvarında start verilib. “Karapınar” GES-in tam gücü ilə işə düşməsi nəticəsində Türkiyənin quraşdırılan günəş enerjisinin gücü 20 faiz artacaq. Günəş elektrik stansiyası ildə 3 milyard KVt elektrik enerjisi istehsal edəcək və bu da Türkiyədə elektrik enerjisi tələbatının 1 faiz ekvivalentini təşkil edir. Yeni GES sayəsində 2 milyona yaxın insanın elektrik enerjisi təminatı ödəniləcək. Bunda başqa, elektrik stansiyası ətraf mühitə 2 milyon ton zərərli maddələrin tullantılarının atılmasının qarşısını alacaq.

Ekologiya 2023-05-03 13:40:00