×
A
A
A
Sazlamalar

ÜST-nin Birgə Xarici Qiymətləndirmə üzrə ekspertləri AQTİ-nin fəaliyyəti ilə tanış olublar

Bakı, 3 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Birgə Xarici Qiymətləndirmə üzrə ekspertləri Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə onlara institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir və laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə də məlumat verilib. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən bəhs olunub. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdən sonra ekspertlər laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ekspertlər instituta “Beynəlxalq səhiyyə qaydalarının əsas imkanlarının Birgə Xarici Qiymətləndirilməsi” mövzusunda Bakıda təşkil olunan tədbir çərçivəsində gəliblər. Onlar Qida Təhlükəsizliyi İnstitutu ilə tanışlığın yekunlarına dair tövsiyələr hazırlayacaq və onu instituta təqdim edəcəklər.

 

 

 

Sosial 2023-05-03 13:06:00