×
A
A
A
Sazlamalar

Günelin yaradıcılıq kredosu - müxtəlif tərzdə, fərqli üslubda işləmək

Sumqayıt, 3 may, Ətrabə Rzayeva, AZƏRTAC

Deyir özüm üçün yaratmıram, sadəcə, həyatımı yaşayıram. İşimi sevə-sevə görürəm. Peşəkar yanaşdığım sənət növlərinin hamısının mayası hobbimdən yoğurulub. Sənəti haqqında danışanda üzü–gözü gülür, həlim simasına nur qonur. Həmsöhbətimiz səsinin sakit ahəngi, mehriban davranışı ilə Sumqayıtın incəsənət aləmində hamıya doğma gələn keçəçi - rəssam və dizayner Günel Məhərrəm qızı Hüseynovadır.
O, AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr pilləsində təhsil aldığını, sonralar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini yüksək nəticə ilə bitirdiyin deyib.
Günel hələ uşaq yaşlardan dekorativ tətbiqi sənətin bəzi növləri - toxuculuq, xalçaçılıq, muncuq işi və s. ilə məşğul olub. Akademiyada oxuyarkən isə biliklərini daha da təkmilləşdirib və tətbiqi sənətin başqa növlərini də öyrənməyə fürsət tapıb: “Akademiyanı bitirdikdən sonra bu sahədə professional şəkildə işləmək qərarına gəldim. Amma elə bir sahə ilə məşğul olmaq istəyirdim ki, orada bir yenilik, özünəməxsusluq yarada bilim. Köklərimə bağlı biri olduğum üçün də milli dəyərlərimizə çox önəm verirəm. Beləliklə, qədim sənət növləri ilə maraqlanmağa başladım. Araşdırmalar apararkən təsadüfən qarşıma keçə sənəti haqqında məlumat çıxdı, çox maraqlı gəldi mənə. Daha dərindən maraqlananda bunun unudulmuş sənət növü olduğunu gördüm. Bu sənəti başqa tərzdə yenidən tanıtmaq istədim. Bununla yanaşı, heç kəsin, ya da daha az adamın məşğul olduğu bir iş işləmək istəyirdim, fərqli bir iş, bu da əslində mənim üçün bir tapıntı oldu. Başladım müxtəlif tərzdə, daha geniş şəkildə, daha fərqli üslubda işləməyə...”
Bəli, yaradıcılığın psixologiyasının əsasını təşkil edən də elə novator hissi, daim axtarış, yeniləşmə tələb edən fəaliyyətdir. Bütüm bunlar inkişafın daim qaynayan çeşməsidir.
“İncəsənət insanın mənəvi aləminin, onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir”, - deyən Günelin xoşahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiyalar onun üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir.
Rəssamın hazırladığı sənət əsərləri sadə, lakin təsirli kompozisiya quruluşuna əsaslanır. Onun işlədiyi rənglər səssiz və istidir. Yaratdığı əsərlərində milli motivlərdən aktiv istifadə etməyə üstünlük verir. O, müasirliklə tarixi motivləri özündə birləşdirən yeni əsərlərin köməyi ilə insanlar arasında ictimai baxışın artmasına töhfə vermək istəyir.
Hazırda keçəçi rəssam və dizaynerliklə məşğul olan Günel Hüseynova, həm də Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

Regionlar 2023-05-03 12:34:00