×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bu il illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır

Bakı, 3 may, AZƏRTAC

Baza ssenari üzrə ehtimallara görə, 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edilib ki, qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16,8 faiz olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11,6 faiz və 10,8 faiz təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır.
T.Kazımov bildirib ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12,7 faiz olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20,4 faiz təşkil edib. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15,2 faiz artıb. İnflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalır. Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0,4 faiz bəndi artırılaraq 7 faiz səviyyəsində müəyyən edilib. Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır.

Maliyyə 2023-05-03 11:34:00