×
A
A
A
Sazlamalar

Yaz fəslində arılara qulluq, xəstəliklərlə mübarizə əsas şərtlərdən biridir - REPORTAJ VİDEO

Ağstafa, 3 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Bu yaz həm hava şəraitinin qeyri-sabit keçməsi, həm də bəzi xəstəliklərin geniş yayılması arıçılığa mənfi təsir edib. Son həftələr qərb bölgəsində havaların yağıntılı və soyuq keçməsi də arıçılıq təsərrüfatlarında arıların inkişafında müəyyən geriləmələrə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, hazırda arıların yumurta qoyma, təbiətdən nektar, çiçək tozu toplayan, bir sözlə, qızğın işləyən dövrüdür. Demək olar ki, bütün meyvə ağacları çiçəkləyib. Arıların bu çiçəklərdən nektar toplaması üçün normal hava şəraitinin olması vacib şərtlərdəndir. Bu il yazın əvvəlləri iqlimin normal keçməsi arılarda inkişafa səbəb oldu. Lakin son həftələrdə havaların yağıntılı və soyuq keçməsi çiçəkləyən ağaclardan arıların nektar və çiçək tozu toplamasına əngəl yaratdı. Bu da öz növbəsində yuvasından çölə çıxa bilməyən arıların işini çətinə salmaqla yanaşı, bəzi xəstəliklərin yaranmasına, arıların yem ehtiyatının tükənməsinə gətirib çıxardı. Təcrübəli arıçılar bu cür vəziyyətlərə hər zaman hazırlıqlı olmaqla yanaşı, arıxanalarını belə vəziyyətlərdən çıxarmağı da bacarmalıdır.
Arıçılar artıq qərb bölgəsinin aran hissəsində bal mövsümünə hazırlaşır. Onlardan Muradxan Bayramov deyir ki, mayın əvvəlindən mövsüm başlayır: “Akasiya ağacından yaxşı nektar olsa, məhsul da yaxşı olar. Burada mayın sonuna qədər nektar mövsümü bitir. Ondan sonra arıları başqa yerlərə köçürəcəyik”. M.Bayramov, həmçinin deyir ki, artıq arılarını Qarabağ iqtisadi rayonu ərazisinə aparmağı planlaşdırır: “İnşallah planımız var. Keçən il arılarımızı Kəlbəcərə aparmışdıq. Bu il Laçına aparmaq istəyirik. Ona qədər isə rayon ərazisində arıları nektar gəlimi çox olan kəndlərə aparacağıq. Köç üçün lazımi şəraitimiz, maşınımız da var”.
İyirmi ildir ki, arıçılıqla məşğul olan İlqar Həsənov bu sahənin peşəkarına çevrilib. O, təkcə arının balını deyil, bir çox arı məhsullarını və onlardan da törəmə məhsulları əldə etməyi bacarır. Onun arıxanasında arıya aid heç nə tullantıya getmir. Bütün arı məhsullarından maksimum istifadə edir. O ki qaldı arıçılığın hazırkı problemlərinə, fermer bildirdi ki, yazda diqqət yetirilməli məqamlara bir çoxları əməl etmir. Bu sahədə arıçıların əksəriyyətinin maariflənməyə ehtiyacı var. “Arıçılarımızın bəzilərinin yeni yaranmış xəstəliklər və onun yeni müalicə üsulları barədə məlumatı yoxdur. Ona görə bir çox xəstəliklər baş alıb gedir. Əsasən də səriştəsiz arıçılar bilmədən bu xəstəliklərin yayılmasına səbəb olur. Bizdə də arıxanamızda bu il arı iflicinin əlamətlərini gördüm. Müalicə-profilaktika işlər apardıq. Lakin respublikada “nosema serena” xəstəliyi çox genişlənib”, - deyə İlqar Həsənov əlavə edib.
Ümumiyyətlə, peşəkar arıçılar arının işinə çox müdaxilənin də bəzi problemlər yaratdığını bildirirlər. Bu sahədə yaranan çətinliklərin bəziləri də qlobal iqlim böhranından qaynaqlanır. Azərbaycanda ən başlıca problemlərdən birini isə sırf bu sahədə peşəkar arıçı baytar mütəxəssislərinin olmamasıdır. “Biz arıçılar olaraq istəyirik ki, gənc tələbələrdən, bu sahədə təhsil alanlardan Avropaya göndərilsin. Onlar sırf arıçı-baytar, arı xəstəlikləri ilə bağlı bilgilərini artırsınlar. Orada təcrübə keçsinlər və bizə burada kömək etsinlər. Bizim ən vacib problem xəstəliklərlə bağlıdır”, - Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü Elvin Bayramlı vurğulayıb.
Hazırda arılarda sürətli yaz inkişaf dövrüdür. Bu dövrdə müəyyən xəstəliklərə qarşı müalicə-profilaktika işləri aparılmalıdır və tez bir müddətdə yekunlaşdırılmalıdır. Çünki təxminən bir ay, ay yarımdan sonra bal mövsümü başlayır. İlk yaz məhsulu isə arıçılar arasında “may balı” adlanan bal süzümü ilə başlayacaq...

Regionlar 2023-05-03 05:15:00

Video