×
A
A
A
Sazlamalar

MDU-da elmi konfrans: Daim ürəklərdə yaşayan nurlu və xeyirxah insan

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan “Zərifə xanım Əliyeva: Daim ürəklərdə yaşayan nurlu və xeyirxah insan” mövzusunda elmi konfrans keçirilib.
MDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Əməkdar elm xadimi Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov Zərifə xanım Əliyevanı dəyərli alim, görkəmli oftalmoloq kimi xarakterizə edib. Bildirib ki, Azərbaycanda peşə oftalmologiyası elmi məktəbinin banisi, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və yaxın silahdaşı, müasir qüdrətli dövlətimizin başçısı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası Zərifə xanım zəngin və şərəfli ömür yolu keçib, çoxşaxəli uğurlu fəaliyyəti ilə xalqımızın qəlbində əbədi izlər qoyub. Şəxsiyyətin formalaşmasında ailə mühitinin rolundan danışan rektor xalqımıza və dövlətimizə qalib lider yetişdirən Zərifə xanım Əliyevanı qəhrəman və cəfakeş ana kimi səciyyələndirib. Ş.Bayramov onun nümunəvi həyat yolunun gənc nəsillər arasında təbliğ edilməsinin önəmini diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra akademik Zərifə Əliyevanın zəngin həyat yolunu və fəaliyyətini əks etdirən videoçarx izlənilib.
Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova “Zərifə xanım Əliyevanın nur saçan portreti”, dosent Namaz Manafov “Böyük ziyalılıq və xeyirxahlıq nümunəsi: Zərifə Əliyeva”, Təhsil fakültəsinin dekan müavini dosent Flora Namazova “Həyatı və əməlləri ilə başqalarının da ömrünü işıqlandıran xeyirxah alim”, müəllim Ayna Babazadə “Gənclərə örnək olan nurlu ömür salnaməsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilən çoxsaylı tədbirlər keçirilir.

Regionlar 2023-05-02 22:46:00