×
A
A
A
Sazlamalar

Üç ayda Şəkidə sənaye məhsulları istehsalında 19,6 faiz artım qeydə alınıb

Şəki, 2 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Şəki rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 22 milyon 44,3 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 618,1 min manat və ya 19,6 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şəki rayonunun sənayesi əsasən toxuculuq, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, qazın bölüşdürülməsi, suyun yığılması, təmizlənməsi və paylanması, həmçinin tikinti materialları, siqaret, şərab, qida, un və un məmulatlarının istehsalı kimi sahələri əhatə edir.
Üç ayda rayonda toxuculuq sənayesi sahəsində faktiki qiymətlərlə 1 milyon 648,7 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 82,4 min manat çoxdur.
Hazırda rayonda biri iri, 7-si orta, 4-ü kiçik və 6-sı mikro olmaqla, 18 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye sahəsində 1196 nəfər işçi çalışır. Hesabat dövründə bir işçiyə düşən orta aylıq əməkhaqqı 612,5 manat olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 88,5 manat çoxdur.

Regionlar 2023-05-02 17:40:00