×
A
A
A
Sazlamalar

Şəkidə əlil arabasından istifadə edən müharibə veteranlarının düşərgəsi təşkil olunub

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilati dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Əlil arabası istifadəçisi olan gənc müharibə veteranlarının 1-ci şəbəkələşmə düşərgəsi” yekunlaşıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şəki Olimpiya İdman Kompleksində təşkil edilən düşərgədə Bakı və Lənkəran şəhərlərindən, Şəki, Qax, Bərdə, Qazax və İmişli rayonlarından olan əlil arabası istifadəçiləri və digər kateqoriyalardan olan müharibə veteranları və onların qəyyumları iştirak ediblər.
Düşərgə əlil arabası istifadəçiləri olan müharibə veteranlarının bir-biri və digər kateqoriyadan olan müharibə veteranları ilə şəbəkələşməsinə imkan yaradıb. İştirakçılar könüllü olaraq gün ərzində onlar üçün hazırlanmış təlimlərə qatılıblar.
Təlimlər çərçivəsində düşərgə iştirakçılarının Şəki-Zaqatala Regional Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinin direktoru Mübariz Quliyevlə görüşü təşkil edilib. Çay süfrəsi ətrafında keçirilən görüşdə müharibə veteranları Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin sahibkarlığın inkişafı üçün mövcud olan imkanları haqqında məlumatlandırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimlərdə məqsəd müharibə veteranlarının XXI əsrin bacarıqları, habelə ölkədə gənclər üçün mövcud olan fürsətlər haqqında məlumatlılığını artırmaq, onları qeyri-formal təhsil yolu ilə bilik və bacarıqlarını artırmağa təşviq etmək və asudə vaxtlarını səmərəli keçirməyə yardımçı olmaqdan ibarət olub.
Məlumat üçün qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” ilə bağlı elan etdiyi xüsusi qrant müsabiqəsinin “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili təşəbbüsləri” istiqaməti üzrə qalibdir. Layihənin məqsədi əlil arabasının istifadəçiləri olan gənc müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkilinin inkişaf etdirilməsidir.

Sosial 2023-05-02 17:19:00