×
A
A
A
Sazlamalar

İmişlidə əsas kapitala yönəldilən vəsaitin 84,8 faizi tikinti işlərinin payına düşüb

İmişli, 2 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə 2023-cü ilin birinci rübündə iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23 milyon 391,3 min manat məbləğində vəsait yönəldilib ki, onun da 84,8 faizi və ya 19 milyon 843,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 2,7 dəfə, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 2,8 dəfə çox olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 21 milyon 527,7 min manat, qeyri-dövlət müəssisələri isə 1 milyon 863,6 min manat vəsait sərf ediblər. İstehsal təyinatlı obyektlərin inşasında 18 milyon 49,8 min manat, xidmət və sosial sahələri üzrə obyektlərin tikintisində 5 milyon 341,5 min manatlıq vəsaitdən istifadə olunub.
Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitin 61,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin, 15,7 faizi sənaye sahəsinin, 0,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsinin, 20,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahəsinin, 0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsinin və 1,8 faizi xidmət və sosial sahələrdə olan obyektlərin tikintisinin payına düşüb.

Regionlar 2023-05-02 11:05:00