×
A
A
A
Sazlamalar

“AzIntelecom” və “Cyberpoint” kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

Bakı, 2 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb.
Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini və səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.
Tərəflər elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin təşkil olunması, kibertəhlükəsizlik üzrə aidiyyəti mərkəzlərin qarşılıqlı istifadəsi üçün şəraitin yaradılması, həmçinin yeni texnologiya və həllərin öyrənilməsi və mövcud həllərin təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsi aparmağı planlaşdırır.
“AzInTelecom” MMC və “Cyberpoint” MMC Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün ortaq məhsul və həllərin hazırlanmasını, müştərilərə birgə xidmət göstərməyi hədəfləyir.
Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC ISO 27001 üzrə audit, konsultasiya və maarifləndirmə xidmətləri, Nüfuzetmə testlərinin simulyasiyası və insidentlərin araşdırılması, həmçinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi xidmətlərini göstərir.

İKT 2023-05-02 10:13:00