×
A
A
A
Sazlamalar

MOL göydələni qapılarını ziyarətçilərin üzünə açır

Budapeşt, 1 may, AZƏRTAC

AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, Macarıstanın MOL Dövlət Enerji Konserninin yeni mərkəzinin inzibati binası (o bəzən mənzil-qərargah adlandırılır) ötən ilin sonunda istismara verilib. Yanvarın əvvəlində onun təntənəli açılışı və Budapeştdəki doqquz ofisdən demək olar ki, 2500 əməkdaşın ora köçürülməsi baş tutub.
Bu gün mayın 1-də 143 metrəlik göydələnin qapıları artıq 29-cu mərtəbədə müşahidə göyərtəsinə qalxa biləcək ziyarətçilər üçün açılıb.
Əzəmətli binanın layihəsi “Foster və partnyorları" London şirkəti və “Fint" macar studiyası tərəfindən hazırlanıb. Bu, Budapeştin ən dinamik inkişaf edən rayonlarında yerləşən, Macarıstanın paytaxtında ilk əsl göydələndir. Müşahidə göyərtəsi ilə yanaşı, binada ziyarətçilər üçün mərkəz, iki adi restoran və “Freş Korner" vegetarian / vegan restoranı var.
İnteryerin dizaynı, ilk növbədə, əməkdaşlığı dəstəkləyən müasir, sabit iş yerinin yaradılmasına yönəlib. MOL-un kampusu Budapeştdə ən “yaşıl” ofis binalarından biridir və enerji səmərəliliyi və ekoloji məlumatlılığın ən yüksək səviyyəsindədir.
Məlumat üçün qeyd edək ki, binanın hündürlüyü 143 metr - dəniz səviyyəsindən 247 metr yüksəkdir. Bu bina hündürlüyünə görə Mərkəzi Avropada doqquzuncudur. Onun ümumi işçi sahəsi 12 futbol meydançasına bərabərdir və 86 min kvadratmetr təşkil edir. Burada 900 kvadratmetrlik günəş panelləri yerləşir, iş yerlərinin 86 faizi təbii işıqlandırma ilə təmin olunub.
Onu da xatırladaq ki, Macarıstanın MOL konserni və Azərbaycanın SOCAR şirkəti arasında bir sıra sazişlər imzalanıb.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Energetika 2023-05-01 20:01:00