×
A
A
A
Sazlamalar

Azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək

Bakı, 1 may, AZƏRTAC

Prezident İlham Əliyev mayın 1-də “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi və Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsinin icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində, həmçinin bu Fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim edəcək.

Regionlar 2023-05-01 16:28:00