×
A
A
A
Sazlamalar

Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralananların vəziyyəti stabildir

Bakı, 29 aprel, AZƏRTAC

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, xəsarət alan 8 nəfər (5-i kişi, 3-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Daha sonra xəsarət alan bir nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun AZƏRTAC-a verdiyi məlumata görə, Bakı-Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində VAZ-2107 və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, VAZ-2107 markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov həyatını itirib, digər sərnişinlər - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev isə xəsarət alıb. Bundan başqa, “Toyota” markalı avtomobildə olan altı nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıb.

 

 

Səhiyyə 2023-04-29 17:54:00