Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
Bakı, 29 aprel, AZƏRTAC
Bir sıra görkəmli Misir arxeoloqları və tarixçiləri kraliça Kleopatranın etnik mənsubiyyəti və irqi ilə bağlı “Netflix” yayım şirkətinin hazırda lentə aldığı sənədli filminin treylerinin yayımlanmasından sonra başlayan mübahisələrə münasibət bildiriblər.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, aprelin 12-də yayımlanan treylerdə Kleopatranın qıvrım saçlı qaradərili olduğu iddia edilir. Buna cavab olaraq, bir çox misirli alim treyleri sərt tənqid edərək, tarixi qeydlərin eramızdan əvvəl 69-cu ildə anadan olan Kleopatranın makedon-yunan olduğunu göstərdiyini iddia edib. Misirli bir millət vəkili hətta Misirin baş prokuroruna müraciət edərək “Netflix”in bu ölkədə bloklanmasını tələb edib.
Bu arada, Misirin keçmiş turizm və qədim əsərlər naziri Zahi Havass sənədli filmdə kraliça Kleopatranın obrazının təqdimatını pisləyib və onu "tamamilə saxta" adlandırıb. Onun dediyinə görə, Kleopatra yunan idi, yəni qara dərili deyildi. “Kraliça Kleopatranın İsgəndəriyyənin qərbindəki Taposiris Maqna məbədində tapılan heykəlləri onun əsl xüsusiyyətlərinin və makedon mənşəyinin ən yaxşı sübutudur”, - deyə o əlavə edib. Havass vurğulayıb ki, Qədim Misir sivilizasiyası qaradərili insanlar tərəfindən yaradılmayıb. Miras qalan məbədlər və məqbərələrdə həkk olunmuş səhnələrdə fironun düşmənlərə zərbə endirməsi və onun qarşısında Afrika, Liviya və Asiyadan olan insanlar təsvir olunub. Bu rəsmlərdə fironla qonşu xalq arasında heç bir oxşarlıq yoxdur.
Misir alimləri hesab edirlər ki, “Netflix” Misir sivilizasiyasının mənşəyinin qaradərili olması ilə bağlı yalan və aldadıcı faktlar yaymaqla çaşqınlıq yaratmağa çalışır. Eyni zamanda, tədqiqatçı-alim olan Havass bununla bağlı deyib: “Mən heç də qaradərililərin əleyhinə deyiləm, amma bir arxeoloq kimi faktları aydınlaşdırmağı və Kleopatranın qaradərili olmadığını bəyan etməyi özümə borc bildim”.
Misirin Antik Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri “Netflix”də qəhrəmanın təsvirinin saxtakarlıq və açıq-aşkar tarixi səhv olduğunu, xüsusən də filmin dramatik əsər deyil, sənədli film kimi təsnif edildiyini vurğulayıb. O, kompaniyanı və şounun prodüserlərini məsələni araşdırmağa, tarixin və xalqların sivilizasiyalarının saxtalaşdırılmaması üçün qədim mənbələrə və elmi faktlara əsaslanmağa çağırıb. Vəziri əlavə edib: “Xalqların sivilizasiyalarına, tarixinə şahidlik edəcək bu cür sənədli və tarixi filmlər çəkilən zaman arxeoloq və antropoloqlarla məsləhətləşmək lazımdır. Kraliça Kleopatranın bir çox artefaktları, o cümlədən onun üz cizgilərini təsdiq edən heykəllər və sikkələr üzərində təsvirlər var ki, bütün bunlar onun açıq dəri, çəkilmiş burun və nazik dodaqlar baxımından ellinistik (yunan) xüsusiyyətlərini göstərir”.
Dominikan missiyasının rəhbəri və İsgəndəriyyənin qərbindəki Taposiris Maqna məbədinin əməkdaşı Katarina Martinez bildirib ki, kraliçadan qalan heykəllər və sikkələr onun ellinistik xüsusiyyətlərini təsdiqləyir. Məsələn, hazırda Berlin Muzeyində qorunan eramızdan əvvəl I əsrə aid mərmər büstdə onun badamı gözləri, çəkilmiş burnu və nazik dodaqları var.
Bundan əlavə, Vatikanda qorunan başqa bir mərmər büst onu yumşaq üz cizgiləri ilə göstərir, bir sıra sikkələr də Kleopatranın yunan sifət quruluşunu əks etdirir.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib