×
A
A
A
Sazlamalar

Formula 1 yarışlarına ev sahibliyi edən qalib ölkə Azərbaycan öz qonaqpərvərliyini yüksək səviyyədə göstərir

Bakı, 29 aprel, AZƏRTAC

2016-cı ildən etibarən hər il ölkəmizdə keçirilən Formula 1 Azərbaycan Qran-Prisi sadəcə idman hadisəsi deyil, ölkəmizin nüfuzunun dünyaya nümayiş etdirildiyi platformaya çevrilib. Beynəlxalq yarışların keçirildiyi ölkələrin seçimində ev sahibliyinə haqq qazanmaq özü həmin ölkənin inkişafından, mövcud və yaradacağı şəraitdən asılıdır. Azərbaycanın bu sahədəki təcrübəsi və hər yarışın təşkilinə göstərilən diqqət ölkəmizin ev sahibliyində seçilən siyahıda olmasına zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova deyib.
Bildirib ki, möhtəşəm memarlığı, mədəniyyəti, qonaqpərvərliyi və gülərüzlü insanları ilə fərqlənən Azərbaycan belə mötəbər yarışda sadəcə ev sahibliyi edən ölkə kimi yox, qalib ölkə kimi də tanınır.
Bu yarışlara olan maraq və gətirdiyi fayda hər il artan xətlə davam edir. Bu da onu göstərir ki, Azərbaycan ev sahibliyi edən ölkə kimi bu işin öhdəsindən ən yaxşı şəkildə gəlir.
Formula 1 yarışlarının təsir etdiyi sahələrə nəzər salsaq, burada turizm sektoruna, gənclərin məşğulluğuna, könüllülük fəaliyyətinin inkişafına, ölkəmizin tanıtımına, ümumilikdə iqtisadi və sosial sahələrə verdiyi töhfəni görə bilərik.
“Gözlənilməzə hazır ol” şüarı altında keçirilən 2023 Formula 1 Azərbaycan Qran-Prisi isə yeni rekordları ilə fərqlənir. Birincisi bu il ötən altı il ilə müqayisədə bilet satışının ən yüksək səviyyəyə çatdığı yarış kimi seçilir, ikincisi ötən altı yarışla müqayisədə bu il 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizdə səfərdədir, üçüncüsü isə son altı illə müqayisədə ilk dəfə olaraq Azərbaycana Qran-Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddədir. Bu rekordlar beynəlxalq arenada 2023 Formula 1 Azərbaycan Qran-Prisinə olan böyük marağın və diqqətin göstəricisidir.
“Bu mötəbər yarışların təşkilati işlərində gənclərimiz uğurla təmsil olunur, könüllülük dəyərini nümayiş etdirir, beynəlxalq yarışların təşkili sahəsində təcrübələrini artırırlar. Həmçinin bu yarışlar ölkəmizdə avtomobil idmanının inkişafına təkan verməklə gəncləri maraqlandırır və onları daha çox idmana cəlb etməyə kömək edir.
Gənclərin bu yarışların təşkilati komitələrində, könüllü qruplarında təmsil olunması onların ünsiyyət, dil bilikləri, təşkilatçılıq bacarıqlarının, komanda ruhunun artırılmasına, şəbəkələşməyə şərait yaradır.
Formula 1 yarışları müxtəlif ölkələrin nümayəndələrinin təmsil olunduğu, gözəl Bakının dünyada tanındığı və yeni investisiya imkanlarının yaranması üçün özünəməxsus rol oynayır. Əminəm ki, ölkəmiz bu və bunun kimi digər bütün beynəlxalq tədbirlərə ev sahibliyi etməklə həm fərqlənəcək, həm də öz müsbət nümunəsini ortaya qoyacaq”, - deyə Ü.Axundova bildirib.


İdman 2023-04-29 17:23:00