×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşü başlayıb

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da saat 17:30-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar.
Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

İdman 2023-04-29 17:30:00