×
A
A
A
Sazlamalar

Sərgi iştirakçısı: Xalqımıza xas olan alət və mahnıları xarici turistlərə tanıtmağa çalışıram

Bakı, 29 aprel, Göyçək Mahmudlu, AZƏRTAC

Sərgi-yarmarkalarda dəfələrlə iştirak etmişəm. Milli musiqi alətlərimizi hazırlayır, əl işlərim olan suvenirlərdə, portretlərdə milli varlığımızı ifadə edən rəmzlərə, mənəvi dəyərlərimizin ifadəsinə xüsusi yer verirəm. Vətən müharibəsindən sonra Qələbəmizin rəmzi olan Xarıbülbül suvenirini, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın xəritəsini çox böyük qürurla hazırladım. Mənfur qonşularımız hər zaman bizim musiqi alətlərimizi, mahnılarımızı özününküləşdirməyə çalışırlar. Mən də bir vətəndaş kimi xalqımıza xas olan alət və mahnıları xarici turistlərə tanıtmağa çalışıram.
Bunu AZƏRTAC-a müsahibəsində "İstehsal et, təbiətə zərər vermə!" sərgi-satış yarmarkasının iştirakçısı Rəşadət Qədirov deyib.
Onun nümayiş etdirdiyi stenddə tütək, zurna kimi milli musiqi alətləri, tar, kamança, sazın suvenirləri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun portretləri diqqət cəlb edir. Rəşadət hətta tütəyin, zurnanın üzərinə Şuşa qalasının, Qız qalasının da şəkillərini həkk edib. Bununla yanaşı, milli musiqi alətlərində "Sarı gəlin" mahnısını, "Yallı" rəqsini də ifa edir. Müsahibimiz deyir ki, milli-mənəvi dəyərlərə sahib çıxmaq hər kəsin borcudur. O da öz borcunu bu cür ödəməyə çalışır.
R.Qədirov sərgi-satış yarmarkasının keçilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Ekologiya 2023-04-29 16:10:00