×
A
A
A
Sazlamalar

Milli parklarda sahibkarların iştirakı ilə sərgi-yarmarkaların təşkili nəzərdə tutulur

Bakı, 29 aprel, AZƏRTAC

Ölkəmizdə ilk dəfədir ki, milli parklarda sahibkarların iştirakı ilə sərgi-yarmarka təşkil olunur. Abşeron Milli Parkında keçirilən tədbir yeni başlanan bir ənənənin ilk addımıdır. "İstehsal et, təbiətə zərər vermə!" şüarı ilə keçirilən sərgidə 20-yə yaxın sahibkarın 100-ə yaxın məhsulu nümayiş olunur. Gələcəkdə digər milli parklarda belə tədbirlərin təşkili və həmin xüsusi mühafizə olunan təbiət ərazilərində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün imkanlar yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu KOB Subyektləri və Klubları Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin tədbirlərdə təkcə satış yarmarkaları deyil, sahibkarların iştirakı ilə infoturlar, müxtəlif ekskursiyalar keçirilməsi də planlaşdırılır: "Məqsəd odur ki, gələcəkdə sahibkarlar milli parklarda iaşə, istirahət, qida obyektləri təsis etsinlər və bu da parklara gələn turistlər üçün daha əlverişli şəraitin yaradılmasına imkan versin".

Ekologiya 2023-04-29 15:22:00