×
A
A
A
Sazlamalar

Görmə zəifliyini yaradan səbəblər

Bakı, 28 aprel, AZƏRTAC

Göz ən vacib orqanlardan biridir. Təəssüf ki, bir çox hallarda onun qeydinə qalmaq əvəzinə daha da zəiflədirik. Mütəxəssislər bildirirlər ki, qaranlıqda kitab oxumaq, telefona və ya televizora baxmaq göz üçün zərərlidir.
AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Miranə Mirişovanın sözlərinə görə, son illər görmə zəifliyindən əziyyət çəkənlərin sayı xeyli artıb və həmin problemlə üzləşənlər arasında uşaqlar çoxluq təşkil edir: “Qaranlıqda və zəif işıqlandırma şəraitində gözün bəbəyi genişləndiyinə görə daha çox işıq gözün torlu qişasından arxaya düşür. Uşaqların normal işıqda oxuması və kompüterdə işləməsi daha məsləhətlidir. Ona görə ki, zəif işıqlandırma miopiyanın inkişafına təsir edir və 18 yaşa qədər onu sürətləndirir. Oxuyanda isə digər predmetlərə baxmaq lazımdır ki, göz ancaq yaxın məsafəyə baxmasın və onda göz yoğunluğu daha az olur”.
3 yaşınadək uşaqların texnoloji cihazlardan istifadəsi qətiyyən məsləhət görülmür. 5 yaşınadək uşaqların isə fasilələrlə 30-40 dəqiqə ərzində texnoloji cihazlardan istifadəsinə icazə verilir. 7 yaşdan sonra isə lazım olduğu müddətdə istifadə edilə bilər. Lakin yatmazdan 1 saat əvvəl telefon, planşet və televizora baxmaq tövsiyə olunmur.
“Kompüterdən istifadə zamanı arxadan gələn işıq gözü zəiflədir, göz qıcıqlanır, yorğunluğa və göz quruluğuna səbəb ola bilir. Zəif işıq şəraitində istifadə edərkən gözü tez-tez qırpmaq, ən əsası hər 30 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə vermək lazımdır. Kitab oxuyarkən işıq bucağı yandan düşməlidir, çünki miopiyası olanlarda zəif işıqlandırma gözü daha da zəiflədir. Gecə vaxtı qaranlıqda və ya zəif işıqda oxumaq baş ağrıları, spazm, göz yorğunluğu, göz quruluğuna səbəb ola bilər. Quru göz sindromu yaranarsa onun müalicəsi daha çox vaxt aparır”, - deyə həkim-oftalmoloq bildirib.
İrsən keçən və ya sonradan qazanılan göz problemi texnoloji cihazların təsiri ilə daha da ağırlaşır. Bundan başqa uzun müddət kitab oxumaq da gözün fəaliyyətinə mənfi təsir göstərir. Ona görə kitab oxuyarkən mütləq fasilə vermək lazımdır.

Səhiyyə 2023-04-28 12:14:00