×
A
A
A
Sazlamalar

Yetmiş ahıl şəxs səyyar tibbi müayinədən keçib

Bakı, 27 aprel, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.
Tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı müayinələrə 70 nəfər cəlb olunub.
Tədbir çərçivəsində ixtisaslı həkimlər – kardioloq və nevroloq tərəfindən diaqnostik müayinələr aparılıb. Müəssisə sakinləri exokardioqrafiya (EXO) və elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması istiqamətində analoji tədbirlərin institut tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Səhiyyə 2023-04-27 17:47:00