Münaqişənin təsirinə məruz qalmış bölgələrdə ailə həkimləri üçün psixi sağlamlıq xidmətlərinin təminatı ilə bağlı superviziyalar təşkil olunub
Bakı, 27 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi tərəfindən həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində ölkə ofisinin nümayəndə heyəti Bərdə, Ağcabədi və Ağdam rayonlarına səfər edib. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi bu bölgələrdə ilkin səhiyyə xidməti göstərən və daha əvvəl əhali arasında ən çox rast gəlinən psixi sağlamlıq problemlərinin müəyyənləşdirilməsi və onlara cavab verilməsi üzrə ÜST-nin təlimlərini keçmiş həkimlərlə birlikdə superviziyalarda iştirak etmək olub.
Səfər çərçivəsində ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı ÜST-nin layihə qrupu və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə birlikdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Rövşən Əhmədov ilə görüşüb və ilkin tibbi yardım xidməti göstərən həkimlər ilə söhbət edib.
ÜST-nin nümayəndə heyəti daha sonra Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserinə baş çəkib. Dispanserin direktoru Emin Süleymanov Ağdam və Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Laçın kimi bir sıra ətraf rayonların 1 milyona yaxın əhalisinə psixi sağlamlıq xidməti göstərdiklərini bildirib. E.Süleymanov, həmçinin ÜST-nin təşəbbüsü ilə icma səviyyəsində psixi sağlamlıq xidmətinin sosial işçilər tərəfindən göstərilməsinin də müsbət təsirlərini qeyd edib. Daha sonra nümayəndə heyəti Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb. O, layihəni yüksək qiymətləndirərək, bu kimi xidmətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Layihənin məqsədi Azərbaycanda psixi sağlamlıq və psixo-sosial dəstək (sahəsinin inkişafı üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına kömək etmək və ilkin səhiyyə xidməti göstərən müəssisələrdə psixi sağlamlıq xidmətinin göstərilməsi üçün potensialın formalaşdırılmasıdır. Bu layihə keçmiş təmas xətti boyunca yerləşən 5 rayonu - Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtəri əhatə edir və Aİ ilə ÜST-nin Azərbaycana olan davamlı dəstəyinin tərkib hissəsidir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar