×
A
A
A
Sazlamalar

Ekspert : Məlumatların üzləşdirilməsi qaydaları təkmilləşdirilib

Bakı, 27 aprel, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, sığorta və təkrar sığorta şirkətləri tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış (təkrar sığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təqdim edilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iqtisadçı - ekspert Anar Bayramovun sözlərinə görə, bu maddənin məqsədi vergiödəyicisinin əmlakı ilə bağlı mövcud məlumatların sığorta şirkətləri tərəfindən əldə olunan məlumatlarla üzləşdirilməsidir. Mümkündür ki, vergiödəyicisi əmlakının sığortalanmasını həyata keçirsə də, həmin aktivlər üzrə hər hansı əmlak vergisi öhdəliyini bəyan etməsin. O səbəbdən də vergi orqanı sığortaçıların təqdim etdiyi əlaqəli məlumatdan istifadə etməklə vergiödəyicisinə əlavə verginin hesablanması barədə bildiriş göndərə bilər.
Qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 16.6-ci maddəsi üzrə iki dəyişiklik edilib. Belə ki, sığorta şirkətləri hüquqi şəxslərə, onların filial və nümayəndəlikləri ilə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış (təkrar sığortalanmış) əsas vəsaitlər barədə məlumatı rüb bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına təqdim etməlidir. Çünki 2022-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilib.
Həmçinin Vergi Məcəlləsinin 198.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi bələdiyyə vergilərinə şamil edilir. Fiziki şəxslərin digər daşınar əmlaklara görə əmlak vergisi dövlət vergilərinə şamil edildiyi üçün ödənişlər yerli büdcəyə yox, dövlət büdcəsinə ödənilir. O səbəbdən də fərdi sahibkarların əmlakı haqqında məlumatların vergi orqanına göndərilməsi sığorta şirkətlərinin vəzifələrinə aid edilib.
A.Bayramov qeyd edib ki, Vergi Məcəlləsinin 16.6-ci maddəsində ikinci dəyişiklik isə təkrar sığortaçı anlayışının oradan çıxarılmasıdır. “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən, təkrar sığortaçı dedikdə, təkrar sığorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrar sığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrar sığorta müqavilələri əsasında sığortalanmış (təkrar sığortalanmış) riskləri təkrar sığortalayan (təkrarsığortaya qəbul edən) tərəf başa düşülür.
Sözügedən qanundan göründüyü kimi, təkrar sığortaçı əmlakı sığorta olunan vergiödəyicisi ilə deyil, sığorta şirkət ilə əməkdaşlıq etdiyi üçün bu məlumatların vergi orqanına göndərilməsinin əhəmiyyəti yoxdur. Çünki hər hansı əlavə informasiya yaratmır. O səbəbdən də Vergi Məcəlləsinin 16.6-ci maddəsindən "təkrar sığortaçılar” və “təkrar sığortalanmış” sözləri çıxarılıb.

Maliyyə 2023-04-27 13:12:00