×
A
A
A
Sazlamalar

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar keçirilən ağacəkmə tədbirinə media nümayəndələri da qoşulublar

Bakı, 27 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə həmin qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
AZƏRTAC-ın əməkdaşları da aksiyada iştirak edərək ətraf mühitin sağlamlaşdırılmasına öz töhfələrini veriblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyalarının bir kampaniya kimi ilin əvvəlindən başladığını və ilin sonuna qədər də davam edəcəyini diqqətə çatdırıb: “Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində 3 hektar ərazidə 3 min ağac əkildi. Əminəm ki, zaman gələcək və bura böyük bir bağa çevriləcək. İnanırıq ki, bütün qurumlar, təşkilatlar, vətəndaşlar ağacəkmə aksiyalarında daha fəal iştirak edəcək və ölkəmiz daha yaşıl və gözəl olacaq”.
Azərbaycanda müstəqil mətbuatın formalaşmasının və sürətli inkişafının təmin edilməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu deyən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Ümummilli Liderin hər zaman jurnalist peşəsinə dərin hörmət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu qeyd edib: “Təsadüfi deyil ki, 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyev “Jurnalistlərin dostu” seçildi. Bu, Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi idi. Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, mətbuat işçiləri Ulu Öndərimizi hər zaman dərin hörmət və ehtiramla anacaqlar”.
Ə.İsmayılov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında ölkəmizin aparıcı media subyektlərinin təmsilçilərinin böyük həvəslə iştirak etdiyini də diqqətə çatdırıb.
Əməkdar jurnalist Ləman Ələşrəfqızı aksiyada iştirakdan məmnunluğunu bildirərək deyib: “Təbiəti çox sevirəm. Zaman-zaman ətraf mühiti çirkləndirənlər, yaşıllıqlara ziyan vuranlarla bağlı reportajlar hazırlamış, ağac kəsənlərə kəskin iradlarımı bildirmişəm. Çoxdandır ağac əkmədiyimdən aksiyaya dəvət olunmağımı böyük sevinclə qarşıladım. Yenə də belə bir təşəbbüslər olarsa, yararlanacağam.
Təbiəti qorumaq hər birimizin borcudur. Düşünürəm ki, təbiət varsa, insanlıq var, yaşayış var, nəfəs var. Ağacları kəsməklə, əslində, öz nəfəsimizi kəsirik. Ağac əkməklə, ona qulluq etməklə həm bədənimizi, həm də ruhumuzu bir növ təmizləyirik. Belə gözəl təşəbbüslərdə cəmiyyətin bütün fərdləri yaxından iştirak etməlidir. Ağac yetişdirmək insan həyatı qədər mürəkkəb bir məsələdir. Yeddi-səkkiz il əvvəl öz həyətimizdə əkdiyimiz ağacların hələ də bar verməməsi onu göstərir ki, təbiət də insan kimi addım-addım böyüyür. Bir ağacı böyütmək, onun qol-budaq atıb nəhəng ağaca çevrilməsinə nail olmaq çox çətin bir prosesdir. Hər kəs belə aksiyalarda iştirak etsə, ağaclara qulluq edib onun böyüməsini illərlə gözləsə, bəlkə də daha heç kim ağaclara, yaşıllıqlara qənim kəsilməz. Ona görə də hər kəsi təbiətimizi qorumağa səsləyirəm. Bu gün jurnalistlərin belə nəcib bir fəaliyyətdə ön sıralarda olması ümidvaram ki, vətəndaşları ağacəkmə aksiyalarında daha aktiv iştiraka təşviq edəcək”.
İlk dəfədir ağacəkmə aksiyasında iştirak etdiyini bildirən bakupost.az saytının baş redaktoru Zahid Nurəliyev hər zaman vətəndaşlara səslənən, öz yazıları, reportajları ilə çağırış edən mətbuat işçilərinin bugünkü aksiyanın birbaşa iştirakçısı olmasını təqdirəlayiq hal kimi qiymətləndirib: “Qələm əhlini, reportyorları, jurnalistləri əlində bel ilə ağac əkərkən görmək bir başqa hissdir. Hər zaman təbiətə dost münasibətdən yazan əllər indi torpağa fidanlar bəxş edirlər. Ümid edirəm ki, əkilən ağaclar böyüyəcək, pöhrələnəcək və bu ərazi yaşıllığa qərq olacaq. Əraziyə baxarkən əvvəl əkilən ağacların bitdiyini görmək insana xoş təəssürat bağışlayır. Düşünəndə ki, bu gün bizim əkdiyimiz fidanlar da bir neçə ildən sonra qocaman ağaclara çevriləcək keçirilən hissləri ifadə etmək mümkün deyil. Bu gözəl təşəbbüsə görə təşkilatçılara minnətdaram. İlk dəfədir iştirak edirəm və bundan böyük zövq aldım”.
Qeyd edək ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

 

Ekologiya 2023-04-27 12:31:00