×
A
A
A
Sazlamalar

Ümummilli Liderin 100 illiyinə həsr olunmuş rezidentlərin elmi-təcrübi konfransı keçirilib

Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-təcrübi konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Bundan sonra Ümummilli Liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı, eləcə də onun mənalı ömrünün müxtəlif məqamlarından bəhs edən videoçarx nümayiş olunub, Dövlət Himnimiz səsləndirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ulu Öndərin bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirdiyini və onun təşəbbüsü ilə bir çox tibb müəssisələrinin istifadəyə verildiyini, məhz həmin dövrdə milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradıldığını diqqətə çatdırıb. Səhiyyənin inkişafı üçün tibb təhsilinin keyfiyyətli olmasını nəzərə alan Ümummilli Lider bu məsələyə böyük diqqət yetirib. Onun diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb. Qeyd olunub ki, Ulu Öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin hərtərəfli inkişaf etdirilməsi, onların rifahının yüksəldilməsi üçün bir sıra təşkilatlar formalaşdırılıb. Həmin siyasət tibb təhsilində də yeni imkanların yaradılması və bu sahədə köklü islahatların aparılması ilə özünü göstərir.
Rektor illər öncə tibb təhsilində rezidentura pilləsinin təsis edilməsinin aparılan islahatlardan biri olduğunu diqqətə çatdırıb: “Azərbaycanda yüksəkixtisaslı tibbi kadr hazırlığında müstəsna əhəmiyyət daşıyan rezidentura təhsilinə 2011-ci ildən başlanılıb. 2013-cü ildən isə Azərbaycan Tibb Universiteti rezidentura üzrə ilk məzunların həkimlik fəaliyyətinə vəsiqə verib. Rezidentura təhsil pilləsinin yaradılması tələbələrin müstəqil praktikaya daha yetkin tibb mütəxəssisləri kimi başlaması və seçdikləri ixtisası daha dərindən, elmi-tədqiqat səviyyəsində öyrənməsinə şərait yaradır. Bu addım həm də ölkəmizin dünya tibb təhsili sisteminə və eləcə də müasir səhiyyə modelinə uyğun formalaşması deməkdir”.
Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin elmi potensialının üzə çıxmasına şərait yaratdığını və elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirdiyini deyib: “Bu konfrans rezidentlərimizin marağını çəkməkdə bundan sonra da davam edəcək və aparılan elmi işlərin, təqdimatların, faydalı müzakirələrin şahidi olacağıq. Azərbaycan Tibb Universiteti təkcə ölkəmizin səhiyyəsi üçün ali təhsilli kadrlar hazırlamır, həm də dünya səviyyəli, təbabət elminin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı tibb mütəxəssisləri yetişdirir”.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxışında dahi şəxsiyyət və uzaqgörən siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan bəhs edib. O, səhiyyə sahəsinə, eləcə də tibbi kadrlara göstərilən diqqət və qayğı, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, davamlı aparılan sosial islahatlar, ölkəmizin hər yerində gedən genişmiqyaslı quruculuq işlərindən danışıb. N.Qasımov, həmçinin rəhbərlik etdiyi müəssisədəki yeniliklərdən, ATU ilə əməkdaşlıqdan və rezidentura pilləsinin uğurlu tətbiqindən söhbət açıb. Natiq onlarla rezidentin xarici ölkələrin nüfuzlu tibb müəssisələrində rotasiya keçdiyini, müxtəlif konfrans və seminarlarda fəal iştirak etdiyini qeyd edib.
ATU-nun Hərbi tibb fakültəsinin tədris şöbəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsini yada salaraq, həmin dövrdə fakültənin üzərinə böyük yük düşdüyünü, məzunlarımızın müharibə vaxtı öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıb: “Qürurluyuq ki, qəhrəmanlar ordunun nümayəndələri arasında ATU-nun məzunları, rezidentləri də var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Tibb Universiteti üçün daha bir sınaq oldu. Əməkdaşlarımız Vətən müharibəsində və eləcə də ondan sonra yüzlərlə qəhrəman döyüşçümüzü həyata qaytardı və bu gün onların normal yaşamasını təmin etdi. Həkim və rezidentlərimiz göstərdikləri igidliyə görə bir sıra orden və medallara layiq görülüb, qazilərimiz isə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub”.
Konfransda Anesteziologiya-reanimatologiya ixtisası üzrə təhsil alan Antiqua və Barbudadan olan əcnəbi rezident Drickesha Aska ATU-da onların təhsil alması üçün hər cür şərait yaradıldığını və ölkəmizin insanlarının qonaqpərvərliyini Azərbaycan dilində ifadə edib.
ATU-nun rezidentura və magistratura şöbəsini müdiri, professor Məlahət Sultanova da Azərbaycan gəncliyinə, o cümlədən rezidentlərə güvəndiyini və onlara böyük ümidlər bəslədiyini bildirib: “Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Konfransda təkcə Tibb Universitetinin deyil, ölkəmizin bütün bazalarının rezidentləri iştirak edir. Onlar elmi məqalələri, maraqlı məruzələri ilə konfransda təmsil olundular. Qürurla deməliyəm ki, 370-dən çox rezident qeydiyyatdan keçib və 90 elmi məqalə dərc olunub. Onlar konfransda 4 panel ixtisası - cərrahiyyə, terapiya, ginekologiya və magistratura üzrə tibbin müxtəlif sahələrini əhatə edən biliklərini paylaşıb, müzakirələr aparıblar”.
Rəsmi hissədən sonra konfrans panel iclaslarla öz işini davam etdirib. Rezidentlər müxtəlif məzmunlu məruzələr və posterlərlə çıxış ediblər. Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qalib rezidentlərə mükafatlar təqdim olunub.

Səhiyyə 2023-04-26 18:27:00