×
A
A
A
Sazlamalar

Mərkəzi Gömrük Hospitalında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Mərkəzi Gömrük Hospitalında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdən öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.
Hospitaldan AZƏRTAC-a bildirilib ki, keçirilən tədbirdə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, könüllü gömrükçülər və əməkdaşlar iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov 2023-cü ilin Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq-alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdar olduğunu qeyd edib.
C.Məmmədov Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətindən danışıb, alimin keçdiyi şərəfli ömür yolunu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi adlandırıb. O bildirib: “Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurları Azərbaycan tibb elmi tarixində xüsusi yer tutur. O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedib, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi. Bu, Zərifə xanımın ən böyük dəyərlərindən biridir”.
Ceyhun Məmmədov Zərifə Əliyevanın gözəl ana, sədaqətli ömür-gün yoldaşı olduğunu qeyd edərək, Ümummilli Liderimizin xalqı üçün gördüyü böyük işlərdə bu gözəl insanın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi olduğunu vurğulayıb. O, çıxışında deyib: “Zərifə xanım Əliyeva ailəsinə bağlı, ailəsi və uşaqlarını sevən ana kimi həyatını onların xoşbəxtliyinə həsr edib. Bu gün ölkəmizə rəhbərlik edən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zərifə xanımın övladıdır, ailədə ondan ana tərbiyəsi alıb”.
Sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış videomaterial təqdim olunub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Yazgül Abdiyeva, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçü Leyla Mollayeva akademik Zərifə Əliyevanın tibb elminə verdiyi töhfələrdən danışıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Səhiyyə 2023-04-26 16:45:00