×
A
A
A
Sazlamalar

Gəncə xəstəxanasında yanğın zamanı tibb müəssisəsinin 3 əməkdaşı xəsarət alıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib. Hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir. Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.
Qurumdan o da bildirilib ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
“Xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır”,- deyə TƏBİB-dən bildiriblər.

 

 

 

Səhiyyə 2023-04-26 15:50:00