×
A
A
A
Sazlamalar

Azərbaycan Avropa Demokratiya və İdarəetmə Komitəsinin konfransında təmsil olunur

Strasburq, 26 aprel, AZƏRTAC

Yaşıl dövlət idarəçiliyi davamlılıq, uzunmüddətli istiqamətlənmə, ətraf mühit və iqlim dəyişikliyi mülahizələrinin idarəetmənin bütün səviyyələrində qərarların qəbuluna inteqrasiyasını nəzərdə tutur. Bu fəaliyyət Avropa Demokratiya və İdarəetmə Komitəsinin (CDDG) cari səlahiyyətlərinin bir hissəsidir. Bu məqsədlə Komitənin təşkilatçılığı ilə “Yaxşı demokratik idarəetmə kontekstində yaşıl dövlət idarəçiliyi: Avropanın yaxşı təcrübələrinin mübadiləsi” adlı konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Avropa Şurasına üzv dövlətlərin nümayəndələri iştirak edirlər. Azərbaycan konfransda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin nümayəndəsi ilə təmsil olunur.
İki gün davam edəcək konfrans iqlim dəyişikliklərinin və ekoloji problemlərin həllinin Avropa Şurasına üzv dövlətlərin hökumətlərinin prioritet məsələsi olduğunu göstərir.
Dövlət idarəçiliyi təbii sərvətlərin və ətraf mühitə təsir edən digər amillərin daha yaxşı idarə olunması, eləcə də karbon emissiyalarının azaldılması ilə bağlı yol göstərə bilər. Dövlət idarəsinin qətiyyətli addımı, eyni zamanda, fərdləri, təşkilatları və müəssisələri öz rolunu oynamağa təşviq edər. Dövlət idarələri təbii ehtiyatlara, enerji potensialına və ətraf mühitə birbaşa və dolayı təsirlərini minimuma endirmək üçün özlərinin iş rejimlərində və fəaliyyətlərində daxili dəyişikliklər etməyə başlayıblar.
Konfransda üzv dövlətlərin və beynəlxalq təşkilatların yaxşı təcrübələri təqdim olunacaq, tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə yerli, regional və milli səviyyələrdə dövlət idarəçiliyi üçün imkanlar və problemləri müzakirə ediləcək.
İqlim dəyişikliyi ilə mübarizədə səmərəli olmaq üçün iqlim fəaliyyətləri siyasi öhdəliklərə, yaxşı uyğunlaşdırılmış çoxsəviyyəli idarəetməyə əsaslanmalıdır. İnstitusional çərçivələr, qanunlar, siyasətlər və strategiyalar, həmçinin maliyyə və texnologiyaya daha yaxşı çıxış, aydın məqsədlər, bir çox siyasət sahələri üzrə koordinasiya və inklüziv idarəetmə prosesləri iqlimlə bağlı səmərəli fəaliyyətə kömək edə bilər.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Ekologiya 2023-04-26 15:20:00