×
A
A
A
Sazlamalar

Qida məhsullarının soyuducuda saxlanılma qaydası

Bakı, 26 aprel, AZƏRTAC

Çox vaxt məhsulun üzərində istifadə tarixi qeyd edilsə də, göstərilən müddətdən daha tez xarab olur. Bunun əsas səbəbi mal qonşuluğu prinsipinin pozulması, eləcə də ərzaqların soyuducuda düzgün şəraitdə saxlanılmamasıdır. Meyvə-tərəvəzlərin və digər qidaların soyuducuda təzə qalma müddəti fərqlidir. Sarımsaq, kartof, soğan kimi məhsulların soyuducuda saxlanılması isə yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “Mövsümi və yerli tərəvəzləri yumadan soyuducuda saxlamaq olar. Xarici meyvə-tərəvəzlər yuyulub təmizlənməli və digər qidalarla təmas etməyəcək şəkildə soyuducunun xüsusi rəflərində yerləşdirilməlidir. Kartof, soğan, çuğundur və sarımsaq kimi tərəvəzlərin soyuducuda saxlanılması onların tərkibində pozulmalara səbəb olur. Kartof və soğan ayrı-ayrı şəkildə otaq şəraitində qaranlıq və sərin yerdə saxlanılmalıdır.
Bunlarla yanaşı soyuducunun temperatur parametrlərini də düzgün tənzimləmək lazımdır: “Sitrus və ekzotik meyvələrin soyuducuda saxlanılması tövsiyə olunmur. Banan, manqo, avokado kimi meyvələr etilen qazını həddindən tez və sürətli şəkildə ifraz etdiyindən yanındakı digər meyə-tərəvəzin tez yetişib xarab olmasına aparıb çıxarır. Pasterizə olunmuş südü 2-4 gün ərzində, pasterizə olunmamış südü 3 günə qədər saxlamaq olar”, - deyə qida mütəxəssis bildirib.
Ət, balıq və toyuq məhsulları şüşə qabda məsafəli şəkildə saxlanılmalıdır. Yumurta isə soyuducunun işıqla təmasda olmayan hissəsinə qoyulmalıdır.

Sağlamlıq klubu 2023-04-26 14:31:00