×
A
A
A
Sazlamalar

Həkim-oftalmoloq Nübar Haşımova: Zərifə Əliyeva ziyalılıq, sadəlik və xeyirxahlıq nümunəsi idi

Bakı, 26 aprel, AZƏRTAC

Zərifə xanımla ilk tanışlığım ordinaturaya daxil olanda baş tutub. Həmin vaxt o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyirdi. Ordinaturadan əvvəl onun haqqında çox xoş sözlər eşitmişdim. Həmkarları, iş yoldaşları peşəkarlığı, xeyirxahlığı və həssas ürəyə malik olması barədə çox danışırdılar. Lakin necə deyərlər, eşitmək bir başqa, görmək bir başqa. Zərifə xanımı oftalmologiyaya həsr olunan məruzələrindən, konfranslardakı çıxışlardan daha yaxından tanıdım. Doğrudan da, zaman keçdikcə onun necə bir həkim, hamıya can yandıran humanist bir insan, duyğusal qəlbə malik qadın olduğunu gördüm. Hamı ilə səmimi, xoş münasibətdə olan bu gözəl insana olan məhəbbətim artdı.
O, öz dövrünün novator alimi olub, həm peşəkar, həm də elmi fəaliyyətlə məşğul idi. Daha əvvəl Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışan oftalmoloq-alim fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının müdiri və böyük elmi işçi kimi davam etdirirdi. Oftalmologiyanın elə bir sahəsi yoxdur ki, Zərifə xanımın tədqiqatları olmasın. Zərifə xanım tapdanmış yollarla getməyi xoşlamırdı, çalışdığı sahədə yeni cığırlar açırdı. Onun namizədlik dissertasiyasının mövzusu traxoma xəstəliyi ilə əlaqədar idi, çünki həmin dövrdə Azərbaycanda traxoma bir epidemiya kimi baş alıb gedirdi və Zərifə xanım öz namizədlik dissertasiyasını belə aktual bir məsələyə həsr etmişdi. Məhz onun öncüllüyü, apardığı tədqiqatlar nəticəsində traxoma xəstəliyi ölkəmizdə hərtərəfli öyrənildi, onun diaqnostikası, yayılması, müalicə üsulları hərtərəfli öyrənilib araşdırıldı. Bu gün həmin xəstəliyə rast gəlinməməsi və demək olar ki, kökünün kəsilməsi Zərifə xanımın müstəsna fəaliyyəti sayəsində mümkün olub. Onun doktorluq dissertasiyasının mövzusu yenə də çox aktual bir problemə həsr olunmuşdu. Zərifə xanım Azərbaycan paytaxtının gündən-günə böyüyüb inkişaf edən sənaye şəhəri olduğunu, zavod və istehsalat müəssisələrinin getdikcə artdığını yaxşı bilirdi. O, bir təcrübəli oftalmoloq-alim kimi zərərli maddələrin istehsalatda çalışan fəhlələrin görmə orqanına təsirini öyrənməyin də vacibliyini yaxşı dərk edirdi. Onun doktorluq dissertasiyasını tamamilə yeni, indiyədək öyrənilməmiş, tədqiq edilməmiş bir sahəyə həsr etməsi də bununla əlaqədar idi. Zərifə Əliyeva ilk oftalmoloq qadın idi ki, yüksək “Averbax” mükafatına layiq görülmüşdü.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova görkəmli akademik Zərifə xanım Əliyeva haqqında danışarkən deyib.
Həkim-oftalmoloq fikrini davam etdirərək söyləyib: “Zərifə xanım öz sənətinə, peşəsinə olan vurğunluğunu tələbələrinə aşılamağı bacaran alim idi. Mənim oftalmologiya ixtisasını seçməyim də məhz onun aşıladığı bu məhəbbətin sayəsində olub. O, hər zaman bizə xəstələrə yaxın olmağı məsləhət görərdi. Həmişə deyirdi ki, xəstə ilə həkim arasındakı münasibət çox isti olmalıdır. Xəstə qətiyyən həkimin ondan uzaq olduğunu hiss etməməlidir, onların arasındakı məsafəni mümkün qədər yaxınlaşdırmaq lazımdır. Xəstə üz tutduğu həkimə öz doğması, ən yaxın adamı kimi baxmalı və ondan heç nəyi gizlətməməlidir. Zərifə xanım gənc həmkarlarına həmişə özünü xəstənin yerinə qoymağı və ona pənah gətirən, ümid yeri kimi baxan xəstənin ağrı və narahatlıqlarını hiss etməyi dönə-dönə tövsiyə edir, bu keyfiyyəti bizə də aşılayırdı. Məndən tez-tez soruşurlar ki, o nəyin sayəsində və xəstələrini necə müalicə edirdi ki, onlar tez sağalırdılar. Həmişə cavabım bir olur: Zərifə xanım xəstələrini öz ağlı, zəkası ilə müalicə edir, xarakteri ilə onlara dayaq olur və qayğıkeşliyi ilə dəstək göstərirdi. Onun müalicə taktikası, xəstəyə yanaşma dəst-xəti tamamilə fərqli idi. Təbabətdə dientologiya elmi var və bu, xəstə-həkim münasibətini əhatə edir. Ümumiyyətlə, Zərifə xanımın bir həkim kimi müalicə taktikasını həmin elmin ən gözəl örnəklərindən biri hesab etmək olar”.
Nübar Haşımova daha sonra deyib: “Görkəmli oftalmoloq-alim öz qısa ömründə milli oftalmologiyanın inkişafı, onun ittifaq respublikaları arasında inteqrasiyasında böyük rol oynayıb. O, bunun üçün SSRİ-də olan ən məşhur oftalmoloqları ölkəmizə dəvət edirdi. Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin plenar sessiyasının Bakıda keçirilməsi onun səyi sayəsində mümkün olmuşdu. Açığı, həmin dövrdə belə hadisələr böyük uğur hesab olunurdu. Akademik milli oftalmologiyanın inkişafını Milli Oftalmologiya Mərkəzinin yaradılmasında görürdü. Yüksəkixtisaslı, öz ixtiraları ilə Avropada, dünyada tanınan mütəxəssis və kadrların yetişməsinə çalışır və həmişə milli kadrların peşə hazırlığını önə çəkirdi. Məni ən çox təəssüfləndirən odur ki, Zərifə xanım xəyallarının gerçəkləşdiyini öz gözləri ilə görə bilmədi, lakin o, bunları çox arzulayırdı...
2009-cu ildə Milli Oftalmologiya Mərkəzinin yaradılması, ən yeni tibbi və diaqnostik aparatlarla təchiz edilməsi onun ideyalarının çiçək açması idi. İndi Milli Oftalmologiya Mərkəzində gözün ön və arxa hissəsində ən son və müasir, dünyanın aparıcı oftalmoloji klinikalarında aparılan cərrahi əməliyyatlar uğurla yerinə yetirilir. Elə bunun nəticəsidir ki, göz xəstəliklərinin müayinəsi və əməliyyatların aparılması üçün Azərbaycana başqa ölkələrdən də çoxlu xəstələr müraciət edirlər. Bu, çox böyük nailiyyətdir.
2017-ci ildə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təsis edilməsi, dünyanın bir sıra ölkələrinin oftalmoloji cəmiyyətləri ilə sıx əlaqələrinin olması da böyük uğurdur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda onun bünövrəsini qoyduğu, cığır açdığı peşə xəstəliklərinin öyrənilməsi işi davam etdirilir. Bu sahədə namizədlik və doktorluq dissertasiyaları üzərində aparılan işlər yekunlaşmaq üzrədir. Akademik Zərifə Əliyevanın ideyalarına və xeyirxah əməllərinə sadiq qalan Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar qatarı da fəaliyyətə başlayıb. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları, işlədikləri yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar”.
N.Haşımova akademik Zərifə Əliyevanın çox mülayim, eyni zamanda, da çox tələbkar və ciddi xarakter sahibi olduğunu bildirib: “O, öz sadəliyi, səmimi və mehribanlığı ilə unikal bir şəxsiyyət idi. Mən deyərdim ki, o, ziyalılıq, sadəlik və xeyirxahlıq nümunəsi idi. Tanrı ondan heç nəyi əsirgəməmişdi: alim kimi alim, həkim kimi həkim, ana kimi ana, həyat yoldaşı kimi həyat yoldaşı... Üzvü olduğu kollektivdə də hamının məhəbbətini qazanmışdı. Kimin nə çətinliyi, qayğısı, problemi var idisə, ona üz tuturdu. Zərifə xanımın bir üstünlüyü də ona üz tutanlardan heç birisinin ümidini qırmaması idi, çünki özü son dərəcə kövrək bir qəlb sahibi idi. Nə qədər məşğul olsa, qayğıları nə qədər çox olsa da, həmkarlarına, iş yoldaşlarına və tələbələrinə vaxt ayırır, lazım gəldiyi vaxtda onların yanında olurdu.
Zərifə xanım çox alicənab və geniş ürəkli idi. Bəzən elələri olurdu ki, ona salam verməyə, yaxınlaşmağa utanırdı, belələrinə qarşı həmişə birinci addımı özü atırdı. Başqasının uğuruna sevinən, onu özününkü kimi qəbul edən çox ülvi bir xanım idi. Ona görə də nə qədər yaxşı söz varsa, nə qədər müsbət keyfiyyət varsa, hamısını onun ünvanına şamil etmək olardı”.

Səhiyyə 2023-04-26 12:57:00