×
A
A
A
Sazlamalar

Qlobal istiləşmə səbəbindən göbələklər insanlar üçün təhlükəli olacaq

Bakı, 25 aprel, AZƏRTAC

Yeni araşdırmaya görə, temperaturun artması göbələklərin sağlamlığımız üçün daha təhlükəli olmasına səbəb ola bilər. Bu barədə AZƏRTAC “Euronews”a istinadla xəbər verir.
Bakteriyalar və viruslar infeksiya və xəstəliklərin tanınan səbəbləridir, patogen göbələklər isə bu günə kimi sağlam insanlarda yalnız cüzi problemlər yaradıb.
Bu, bir qayda olaraq, onunla izah olunur ki, insan bədəninin temperaturu infeksiya göbələklərinin həyatda qalması üçün olduqca yüksəkdir.
Lakin Şimali Karolinadakı Dyuk Universitetindən olan tədqiqatçılar xəbərdarlıq edirlər ki, vəziyyət dəyişə bilər.
Patogen göbələklər – insanlarda və digər orqanizmlərdə xəstəliklərə səbəb olan göbələklərdir. İnsanlar üçün patogen kimi tanınan 300 göbələk arasında ən məşhurları Candida, Aspergillus və Cryptococcusdur. Hal-hazırda bu göbələklər onların yayılmasının qarşısını almağa müdafiə gücü olmayan, immuniteti zəif olan insanlar üçün ən təhlükəlidir.
Proqnozlara görə, qlobal temperaturun artması insanlarda göbələk xəstəliklərinin çoxalmasına gətirib çıxaracaq, lakin bu xəstəliklər həm də daha ciddi ola bilər. İstilik stresinin göbələklərə təsirini araşdıraraq, tədqiqatçılar müəyyən ediblər ki, temperaturun artması Cryptococcus insan göbələyində sürətli genetik dəyişikliklərə səbəb olur.
Müəyyən edilib ki, daha yüksək temperaturlar mutasiyaların sayını sürətləndirərək və genlərin istifadə etmə və tənzimləmə üsullarının uyğunlaşmasına səbəb olaraq göbələyin ötürülən "tullanan genləri"nin işini stimullaşdırır.
“PNAS” elmi jurnalında dərc edilmiş araşdırmada deyilir ki, bu, istiliyə, dərmanlara davamlılığın və xəstəliklərin törədicilərinin potensialının artmasına gətirib çıxara bilər.
“Bu maraqlı tədqiqat qlobal temperaturun gözlənilməz istiqamətlərdə göbələklərin təkamülünə necə təsir edə biləcəyini göstərir və qlobal istiləşmə ilə əlaqədar narahatçılıq üçün daha bir səbəbdir”, - deyə Con Hopkins Universitetinin molekulyar mikrobiologiya və immunologiya kafedrasının müdiri doktor Arturo Kasadeval deyib.
Göbələk infeksiyaları artıq ölümcül təhlükəlidir, onlar ildə 1,7 milyon insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir: “Onlar sağlamlıq üçün artan təhlükədir və onların müalicəsi üçün istifadə olunan göbələk əleyhinə preparatlara qarşı daha davamlı olurlar. Hazırda alternativimiz yoxdur”.

Səhiyyə 2023-04-25 21:39:00