×
A
A
A
Sazlamalar

Formula 1: “Ferrari” Bakıya yeniliklər aparmayacaq, əsas diqqəti təsnifata yönəldəcək

Bakı, 25 aprel, AZƏRTAC

Uzun fasilədən sonra Formula 1 mövsümü Bakı şəhər trasında davam edəcək. “Ferrari” oraya Melburndakı tam məyusluqdan sonra yollanacaq. Melburnda Şarl Lekler elə birinci dövrədə Lens Stroll ilə toqquşmadan sonra yarışdan kənarlaşdı, Karlos Sayns isə dördüncü yerdə finiş xəttinə çatandan sonra hakim cəriməsi nəticəsində xallarını itirdi.
AZƏRTAC xəbər verir ki, bununla belə komanda al rəngli “SF-23” maşınının yaxşı nəticələr verəcəyinə inanır, sadəcə komandanın pilotları qarşısında həmişə hansısa əngəllər yaranır.
Budəfəki Qran-Pri xüsusi olacaq. Bu gün Formula 1 Komissiyasının iclasında uik-endin iki təsnifat və iki yürüşlə yeni formatı təsdiqlənəcək. Bu o deməkdir ki, komandanın ilk dəfə olaraq bir məşqi (cümə günü səhər) baş tutacaq.
Belə cədvəl nəzərə alınmaqla, bolidin ciddi şəkildə dəyişdirilməsi çərçivəsində artıq ilk detalları hazırlayan “Ferrari”də bu yenilikləri Bakıya aparmamaq, əsas diqqəti yaxşı təsnifata yönəltməklə mərhələni keçirmək qərarına gəliblər.
Komandanın yenilikləri olacaq, lakin bunlar konkret tras üçün zəruri olan detallardır.
Əsas diqqəti təsnifata yönəltmək məsələsinə gəlincə, mənbədən bunu Bakıda demək olar ki, heç vaxt qəzasız ötüşməyən, startdan sonra ilk döngələrdə yaranan problemlərdən yaxa qurtarmaq arzusu ilə izah ediblər. Həm də “Mercedes” və “Aston Martin”dən olan əsas rəqiblər düz yolda yaxşı sürətə sahib deyillər, yəni Skuderiyanın pilotlarına distansiyada özlərini qorumaq o qədər də çətin olmamalıdır.
Üstəlik, son həftələr ərzində Maranelloda aparılan işlər şinlərə düşən yükü azaltmalıdır. Avstraliyada bu məsələdə yaxşılığa doğru dəyişikliklər nəzərə çarpmışdı, Bakıda isə komandanı taktiki baxımdan gücləndirəcək bundan sonrakı irəliləyişi gözləmək olar.
İndi “Ferrari”nin azarkeşlərinə yalnız dəstəkləmək qalır. Əgər dəyişdirilən maşının sürətli olmaması yayın əvvəlində bilinərsə, o halda ən azından ayrı-ayrı yürüşlərdə qələbə uğrunda mübarizədən söhbət açmaq olar. Əks halda komandanın daha bir konsepsiyanın dəyişdirilməsinə nə vaxtı olacaq, nə də vəsaiti...

İdman 2023-04-25 16:14:00