×
A
A
A
Sazlamalar

Niko Hülkenberq Mayorkada kros yarışında iştirak etməklə Bakı mərhələsinə hazırlaşır

Bakı, 25 aprel, AZƏRTAC

Bakı yürüşünə yola düşməzdən əvvəl Formula 1 çempionatının pilotu Niko Hülkenberq ailəsi ilə İspaniyanın Mayorka adasında dincəlib. O, istirahət edib, dənizdən və gözəl havadan zövq alıb, eyni zamanda, idmanla da məşğul olub.
AZƏRTAC xəbər verir ki, pilot ötən həftəsonu 9 kilometrlik kros yarışında iştirak edərək, bu məsafəni 35 dəqiqə 44 saniyə ərzində qət edib. Yarışdan sonra o, bir neçə fotosunu maraqlı şərhlərlə sosial şəbəkə hesablarında yerləşdirib.
“Bu gün yürüşlər başqa tərzdə idi! Mən yaxşı start götürdüm, şinlərlə pis işləmədim, qırmızı bayraqlar yox idi, sonda yeni şəxsi rekordla finişə çatdım! İndi Bakıya hazıram!”, - deyə “Haas F1”in alman pilotu yazıb.
Melburnda, mövsümün üçüncü mərhələsində Niko qazandığı xalla hesabı açaraq 7-ci yeri tutub. Həm də nəzərə almaq lazımdır ki, son restartla o, hətta dördüncü mövqedə idi və “Haas” komandasında Avstraliya Qran-Prisinin finişindən sonra yürüşün nəticələrinə etiraz etməyə səy göstərmişdilər, lakin Beynəlxalq Avtomobil Federasiyası (FIA) protesti rədd etmişdi.
Stüardlar o vaxt maşının trasda yerləşməsini dəqiq müəyyən etməkdən ötrü son etibarlı məqam kimi ikinci restartı hesab etdilər. Buna görə də yekun protokolda Nikonun yürüşü yeddinci yerdə qaldı.
Hülkenberq Mayorka krosunu hansı yerdə başa vurması barədə məlumat verməyib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək.

İdman 2023-04-25 13:09:00