×
A
A
A
Sazlamalar

Əlilliyi olan 14 min 722 şəxsə reabilitasiya xidmətləri göstərilib

Həmin kateqoriyadan olanlar 19 939 reabilitasiya vasitəsi ilə təmin edilib

Bakı, 25 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-mart aylarında əlilliyi olan 14 min 722 şəxsə xidmətlər göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.
Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi və sosial-psixoloji xidmətlərə cəlb ediliblər.
2023-cü ilin 1-ci rübündə agentlik tərəfindən əlilliyi olan 3 min 547 şəxsə isə 19 min 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.

Sosial 2023-04-25 10:18:00