×
A
A
A
Sazlamalar

Mayk Krak: Bakıda ötmə əməliyyatını yerinə yetirmək o qədər də çətin deyil

Bakı, 24 aprel, AZƏRTAC

“Aston Martin F1” komandasının rəhbəri Mayk Krak qarşıdakı Bakı uik-endinin proqramına şənbə sprintinin daxil olmasından bir qədər əsəbləşdiyini etiraf edib. Qısa şənbə yürüşü Azərbaycanın paytaxtında ilk dəfə keçiriləcək, lakin bundan əvvəlki illərdə dəfələrlə qəza baş verib.
AZƏRTAC xəbər verir ki, nə Silverstoundan olan komandanın pilotu Lens Stroll, nə Maks Ferstappen, - gələcək çempionun “RB16B” bolidinin şini yürüşdə əminliklə liderlik etdiyi vaxt, 45-ci dövrədə partladı, - taleyin bu qismətindən qaça bilmədi.
“Speedcafe” Krakın bu sözlərini sitat gətirir: “Mən Bakıda sprintə görə əsəbləşirəm, çünki orada əgər maşın ciddi xəsarət alarsa, onu təmir etməyə sadəcə vaxt olmayacaq. Biz sprintdən dərhal sonra bolidlərin üstünü örtməliyik, bundan sonra əgər texnika zədələnibsə, səhər təmir işləri üçün bizim 3-4 saat vaxtımız olacaq. Yəni bütün bunlar yüksək risklərlə bir-birinə bağlıdır.
Buna baxmayaraq, hər şey bərabər şəraitdədir və Bakıda ötmə əməliyyatını yerinə yetirmək o qədər də çətin deyil. Əgər trasın döngələr çox olan hissəsində maşını idarə etmək risklidirsə, o halda orada qəza riski də yüksəkdir. Lakin düşünürəm ki, qarşıdakı uik-enddə bizi yaxşı şou gözləyir”.
İlk dəfə olaraq Azərbaycan Qran-Prisinin proqramına iki təsnifat daxil edilib. Birincisi, cümə günü keçiriləcək, adəti üzrə yürüşçülər bazar günü yürüşündə start düzülüşü üçün mübarizə aparacaqlar. Şənbə günü isə məşqlər əvəzinə sprintdə start düzülüşünü müəyyən edən qısaldılmış təsnifat keçiriləcək.
Komanda rəhbərləri uik-end formatının bu dəyişiklikləri ilə hələ Avstraliya Qran-Prisi günlərində razılığa gəlmişdilər. Lakin bu dəyişiklikləri təsdiq etmək üçün Formula 1 Komissiyasının iclası hələ sabah keçiriləcək, daha sonra FIA-nın avtomobil idmanı üzrə ümumdünya şurası tərəfindən bəyənilməlidir. Lakin bu, artıq formallıqdır.
“Bütövlükdə Formula 1 inkişaf etməlidir, lakin onun əsasını qoruyub saxlamaq lazımdır. Biz bir sıra konstruktiv diskussiyalar apardıq, buna necə nail olmaq üçün üsullar tapmağa çalışdıq. Həmçinin çempionatın bütün səhmdarlarının maraqları nəzərə alınmalıdır və biz bunu da edirik. Lakin bununla yanaşı, biz olduqca sərt zaman çərçivəsində işləyirik, çoxsaylı müxtəlif amilləri diqqətə almalı və ağlabatan kompromisi tapmağa çalışmalıyıq.
Hansısa vəziyyətdə ayrı-ayrı komandaların maraqlarını ikinci plana keçirməli və mənzərəni tam şəkildə qəbul etməliyik. Bu baxımdan, mənə elə gəlir ki, diskussiyalar olduqca konstruktiv xarakter daşıyır”, - deyə Krak qeyd edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.

İdman 2023-04-24 19:24:00