×
A
A
A
Sazlamalar

Şimal rayonlarında əkin sahələrinin suvarılmasındakı problemlərin həlli müzakirə olunub

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tədbirlər planına uyğun olaraq, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, cəmiyyətinin nümayəndələri, suvarma suyunun düzgün bölüşdürülməsi ilə bağlı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birinci müavini Teyyub Cabbarov və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının icra hakimiyyətlərinin başçıları, yerli istismar idarələrinin rəhbərləri və yerli DAİM-lər ilə görüşüblər.
Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.
Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərilərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib.

Kənd təsərrüfatı 2023-04-21 10:20:00