×
A
A
A
Sazlamalar

Paytaxtdakı 212 nömrəli məktəbdə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş olub

Bakı, 20 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 212 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə məktəblilərə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Gigiyena qaydaları: təmiz əllər və qidalanma” və “Düzgün miqdarda suyun qəbulu” mövzularında təqdimatlar edilib, şagirdlərlə fikir mübadiləsi aparılıb. Eyni zamanda, istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb.
Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanılıb.

Sosial 2023-04-20 18:23:00