×
A
A
A
Sazlamalar

“YAŞAT” Fonduna ayrılan vəsait yalnız müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün sərf olunacaq

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) maliyyə dəstəyi haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “YAŞAT” Fonduna 5 milyon manat vəsait ayrılıb.
Həmin vəsait Sərəncamda da əks olunduğu kimi müvafiq kateqoriyadan olan şəxslərin yalnız müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün sərf olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
E.Hüseynov bildirib ki, bu günədək Fondun hesabına 77 milyon 604 min 685 manat 53 qəpik vəsait mədaxil olub. Fondun fəaliyyət istiqamətləri üzrə 76 milyon 13 min 55 manat 13 qəpik məbləğində vəsait xərclənib.

Sosial 2023-04-20 16:53:00