×
A
A
A
Sazlamalar

Sahibkarlar AQTİS-də yeni yaradılmış modullar və yeniliklərlə bağlı məlumatlandırılıb

Bakı, 20 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) yeni yaradılmış modullar və yeniliklərlə bağlı sahibkarlar arasında məlumatlandırma və yeniliklərlə tanışlıq xarakterli görüşlərin təşkilini davam etdirir. Bu sahədə növbəti onlayn görüş baytarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilib.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyində innovativ həllərin tətbiqi ilə fəaliyyətin daha səmərəli təşkili, o cümlədən elektron xidmətlərin sayı və keyfiyyətinin artırılması ilə bağlı görülən işlər haqqında sahibkarlara geniş məlumat verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövlət qeydiyyatına alınması üçün müraciətlərin qəbulunun elektron qaydada aparılacağı və həmin yeniliyin AQTİS üzərindən “Şəxsi kabinet” vasitəsilə həyata keçiriləcəyi bildirilib.
Sahibkarların “Şəxsi kabinet”lərinə daxil olaraq “Baytarlıq preparatının (yem və yem əlavəsinin) qeydiyyatı (yenidən qeydiyyatı) və qeydiyyat şəhadətnaməsinin verilməsi” üzrə elektron ərizə forması ilə müraciət etmələrinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda müraciət edilmə qaydası, həmin iş prosesi üzrə icra mərhələlərinin ardıcıllığı, iş prosesinin gedişi zamanı qanunvericiliyə əsasən tələb olunan sənəd toplusu və nümunələrin təqdim ediləbilmə qaydası barədə ətraflı məlumat verilib.
Görüşdə bu sahədə maarifləndirmə işlərinin davam edəcəyi, nəzərdə tutulan yeniliklər və qanunvericilik aktlarının tələblərinə əsasən digər məsələlər barədə dövri olaraq sahibkarların “Şəxsi kabinet”lərinə məlumat xarakterli bildirişlərin göndəriləcəyi vurğulanıb.
İştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

 

Sosial 2023-04-20 10:27:00