×
A
A
A
Sazlamalar

Fermerlər pilotsuz uçuş aparatlarını idarə etməyi öyrənirlər

Bakı, 19 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkədə aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər üçün pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair təlim təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Respublikasının bu sahədə ixtisaslaşmış şirkətinin mütəxəssisi özəl şirkətlərin mütəxəssislərinə aqrar sahədə istifadə edilən pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları haqqında həm nəzəri biliklərin öyrənilməsi, həm də praktiki vərdişlərin yaranması istiqamətində təlim keçib.
Təlim zamanı multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi istiqamətləri, eyni zamanda çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə təcrübə nümayiş olunub.
Bu təcrübələr zamanı təlimdə iştirak edən özəl şirkətlərin mütəxəssisləri çiləyici dronlardan istifadə etməklə ərazidə çiləmə üsulu ilə dərmanlama prosesini həyata keçirib və pilotsuz uçuş aparatlarının istifadəsinə dair vərdişlərə yiyələniblər.
Təlimlərdə iştirak edən mütəxəssislər Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idarə edilməsi üzrə sürücülük vəsiqəsi əldə edəcəklər.
Qeyd edək ki, 2022-ci ilin 25-29 aprel tarixlərində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Türkiyəli mütəxəssislər tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri üçün də pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair təlim keçirilib.

Kənd təsərrüfatı 2023-04-19 16:46:00