×
A
A
A
Sazlamalar

İstilik energetikası sahəsində Macarıstan və Şərqi Avropa təcrübəsi öyrənilir

Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanda istilik energetikası sahəsində islahatların sürətləndirilməsi, bərpaolunan enerji mənbələrindən istifadə, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında beynəlxalq təcrübə öyrənilməklə sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “EU4Energy” proqramının texniki yardımı ilə macarıstanlı mütəxəssis və ekspertlərin iştirakı ilə seminar keçirilib.
“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda istilik təchizatı sahəsində Macarıstan təcrübəsi, müasir yanaşma və texnologiyalara dair yeniliklər öyrənilib.
Onlayn keçirilən seminarda "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, cəmiyyətin rəhbər işçi və mütəxəssisləri, eyni zamanda, Macarıstan və digər ölkələrdən mərkəzləşdirilmiş istilik təchizatı üzrə çoxillik təcrübəsi olan beynəlxalq ekspertlər iştirak ediblər.
Beynəlxalq ekspert Vaszilij Laszlo Barnisco Macarıstanda mərkəzi istilik sisteminin mövcud imkanları və tarixi icmalı, infrastrukturu, əhatə dairəsi, enerji səmərəliliyi, istilik təchizatı sahəsində alternativ və bərpaolunan enerji resurslarından istifadə imkanları barədə geniş təqdimatla çıxış edib.
Müzakirələr çoxsaylı sualların cavablandırılması ilə yekunlaşdırılıb.

 

Energetika 2023-04-18 19:29:00