“EnergyTech" hakatonu “e-sistem”in inkişafına töhfə verəcək
Bakı, 18 aprel, AZƏRTAC
“Azərişıq” ASC-nin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “EnergyTech" hakatonu bir neçə istiqamətdə xüsusi önəm daşıyır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması və elektron xidmətlərin təşviq edilməsi işinə gənclərin marağının artırılması “Azərişıq” ASC-nin xüsusi diqqət mərkəzindədir.
Biznes mühitinin yaxşılaşdırılması, qoşulma prosedurlarının və müddətinin azaldılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası ilə bağlı vətəndaşların müraciətlərinin şəffaf şəkildə idarə edilməsi üçün “Azərişıq”da Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb. Məhz bu yarışma gənclərin innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılması, “Azərişıq” ASC ilə qarşılıqlı işin təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Enerji Təchizatı Şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin artırılması günümüzün əsas hədəflərindən biridir. Bu istiqamətdə müxtəlif işlər, Yol Xəritəsi, Kommunikasiya Strategiyası icra olunur və bu tədbirlər nəticəsində Enerji Təchizatı Şəbəkəsinə elektron qoşulmaların sayında artım müşahidə olunur. Belə ki, ötən illə müqayisədə 2023-cü ildə elektron müraciətlərin sayı 5 dəfə artıb və təkcə cari ilin mart ayında ümumi müraciətlərin 53 faizi onlayn qaydada keçirilib. “EnergyTech" hakatonu bu istiqamətdə sürətləndirmə işlərinin aparılmasında müasir ideyaların tətbiq edilməsi üçün unikal bir platformadır.
Bu hakatonda hazırladıqları prototiplərə görə "Platon Tech" komandası 1-ci yerə, "Power smart" 2-ci yerə, "HumanEnergy" komandası isə 3-cü yerə layiq görülüb. Qalib komandalara mükafatlar təqdim olunub.
Nəzərə çatdırılıb ki, elektron müraciət sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən innovativ layihə kimi qiymətləndirilib. Aparılan məqsədli islahatlar nəticəsində qoşulma prosedurların sayı 7-dən 2-yə, müraciətlərin icra müddəti 41 gündən 20 günə endirilib. Elektron sistemin təkmilləşdirilməsi istiqamətində də işlər aparılıb və müraciətləri e-gov.az və azerishiq.az saytı üzərindən də etmək mümkündür. Hazırda “Azərişıq”da elektron xidmətlərin sayı 12-yə çatdırılıb və daha 14 yeni xidmətin təqdim olunması nəzərdə tutulub.
Bu istiqamətdə inkişafı təmin etmək üçün belə layihələrin gələcəkdə yenidən həyata keçirilməsi planlaşdırılıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir