×
A
A
A
Sazlamalar

İqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib

Bakı, 18 aprel, AZƏRTAC

Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı və səyi nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş simpozium, ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlib. Eyni zamanda, tədbir gənc nəslin iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına bir nümunədir.
Simpozium çərçivəsində 13 beynəlxalq və dövlət məktəbinin yuxarı sinif şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib.
Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMTİP nümayəndələri “Gələcək burada başlayır” mövzusunda məktəb müsabiqəsinin iştirakçılarının hazırladığı layihələrlə tanış olublar.
Müsabiqədə 13 özəl və dövlət məktəbində təhsil alan 100-ə yaxın məktəbli iştirak edib. Yuxarı sinif şagirdləri iqlim dəyişikliyi ilə əlaqəli problemləri aradan qaldırmaq üçün yeni həll yolları tapmaqda maraqlı olduqlarını bildirib və asanlıqla həyata keçirilə bilən müxtəlif layihələr təqdim ediblər.
Simpoziumda ətraf mühitlə bağlı sualları əhatə edən və tədbirə xüsusi maraq qatan intellektual oyun da keçirilib. Oyundan sonra tərəfdaş təşkilatların nümayəndələri tərəfindən “Gələcək burada başlayır” məktəb müsabiqəsinin və intellektual oyunun qalibləri mükafatlandırılıblar.
Qeyd edək ki, Aİ,“EU4Climate” və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən “Milli uyğunlaşma planı” layihələri BMTİP tərəfindən həyata keçirilir. Həmçinin məktəb müsabiqəsinin təşkil edilməsi də BMTİP-in Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə sıx əməkdaşlığı çərçivəsində mümkün olub.

 

 

Ekologiya 2023-04-18 12:51:00