×
A
A
A
Sazlamalar

Bu il Qarabağ və Şərqi Zəngəzurda 100 hektara yaxın ərazidə meşəbərpa işləri aparılacaq

Bakı, 17 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir. İşlər istədiyimiz sürətdə getmir. Ötən il 100 hektara yaxın ərazidə yeni meşə zolaqlarının salınması və meşəbərpa işləri apara bildik. Bu il də 100 hektara yaxın ərazidə həmin tədbirləri görməyi planlaşdırırıq. Əlbəttə ki, hədəflərimiz böyükdür. Sadəcə olaraq mina təhlükəsizliyi ilə bağlı məsələlər hədəflərimizi məhdudlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
İşğal dövründə həmin ərazilərdə meşələrə vurulan ziyan barədə məlumat verən V.Kərimov deyib: “Azad edilmiş ərazilərdə meşə fondu torpaqlarının ümumi həcmi 260, meşə ilə örtülü hissə isə 216 min hektara bərabərdir. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən alınan görüntülərdən sonra aparılan ilkin monitorinqin nəticələri 56 min hektara yaxın ərazinin tamamilə məhv edildiyini göstərir. Bundan əlavə, seyrəkləşdirilən, cins tərkibi dəyişdirilən ərazilər var ki, 10 hətta 100 hektarlarladır. Həmin torpaqlarda meşələrə dəymiş ziyan çox böyükdür”.

 

 

Ekologiya 2023-04-17 13:53:00